Rövnəq Abdullayevin və qohumlarının böyük biznes şəbəkəsi:Abdullayevin qohumları ilə yaratdığı birləşmə backend

Neft sahəsində fəhləlikdən başlayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti vəzifəsinə qədər yüksələn Rövnəq Abdullayevin qohumları ilə yaratdığı birləşmə, korrupsiyada tez-tez adının çəkilməsi və digər qanunsuz əməlləri daima medianın gündəmində olub.

“Yeni Gundem”in məlumatına görə, Rövnəq Abdullayev “Socar”ı əsasən qohumları vasitəsi ilə tayfa rəhbərliyi ilə idarə edib. Bununla bağlı Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdiyi hesabatda da araşdırma var. Araşdırmaya görə, ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutub. “SOCAR” yanacaqdoldurma məntəqələrinin, demək olar ki, hamısına rəhbərliyi ARDNŞ prezidentinin qohumları edir.

2005-2022-ci illərdə SOCAR-ın prezidenti vəzifəsini tutan və ölkənin ən varlı adamına çevrilən Rövnəq Avdullayevin məsuliyyətə cəlb olunması isə istisna olunmur. Belə ki, artıq ölkə xaricinə çıxışına da yasaq qoyulan Rövnəq Abdullayevin SOCAR prezidenti kimi çalışdığı 17 il yoxlanılır. Bu illər ərzində Dövlət Neft Şirkətindən külli miqdarda qazanc əldə edənlər arasında Rövnəq Abdullayevin ən yaxın çevrəsinin və qohumlarının adı hallanıb. İddia olunur ki, Rövnəq Abdullayevə yaxın olan insanların şirkətləri vasitəsilə dövlət büdcəsindən böyük məbləğli pullar mənimsənilib.

R. Abdullayevin ölkədən çıxışına qoyulan səbəbi həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti faktı aşkarlanması ilə əlaqələndilir. Belə ki, onun istər SOCAR prezidenti kimi, istərsə də AFFA prezidenti kimi fəaliyyəti dövründə baş verən korrupsiya halları və qanunsuzluq zaman-zaman mediada da yayımlanıb. SOCAR-da hörümçək toru kimi şirkətlər şəbəkəsi yaradaraq dövlətin pullarını mənimsəməklə özünə milyardlarla manat varidat yığan R.Abdullayevin indi nazir müavini postunda əyləşərək həmin vəsaitləri rahatlıqla həzm etməsi ədalətli deyil. Ona görə də vəzifədən birbaşa həbsə gedən digər məmurlar kimi cəzasını çəkməlidir. Məhz onun zamanında SOCAR-da vüsət alan problemlərin qarşısını almaq az qala müşkülə çevrilib. Onun yarıtmaz fəaliyyəti nəticəsində Bakı Neft Emalı Zavodu (NEZ) artıq 7 ildir təmirdədir və müəssisənin təmirinə az qala bir yeni müasir zavodun tikintisi qədər vəsait xərclənib. Ortada hələ bir nəticə yoxdur. Səbəb isə sadədir: Rövnəq Abdullayev həmin vəsaitləri də “yarı unluğa, yarı dənliyə” istifadə edib.

Qeyri-rəsmi ekspert hesablamalarına görə indiyə qədər müəssisəyə 4 milyard manat xərclənib. Daha pisi odur ki, hələ zavodun təmirinin 2027-ci ildə başa çatacağı bildirilir. Burdan isə ortaya çıxan yeganə nəticə əvvəlki rəhbərliyin təmir prosesinə ciddi yanaşmaması, daha doğrusu, diqqətinin yalnız mənimsəmə imkanlarında olmasıdır. Əks halda bol vəsait fonunda NEZ artıq çoxdan fəaliyyətə başlamalı idi.

Qeyd edək ki, Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.

Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Sonra oxuya bilmədiyi üçün naməlum səbəbdən xaric olunub. 1983-1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cı ildə həmin institutu bitirib.Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında isə qızı var. Rövnəq Abdullayevin qaynatası və dayısı olan Adəm Əliyev Dubayda qeydiyyatda olan “Bahar Enerji” MMC-nin sahiblərindən biridir. Rövnəq Abdullayev 1989–1997-ci illərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və “28 May” NQÇİ-də, habelə “Xəzərdənizneftqazinşaat” Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.

1997-2003-cü illərdə “Xəzərdənizneftqazinşaat” Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev 2003-2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. Zavodun keçmiş direktoru Ramiz müəllim və onun sonrakı dövrlərdə naməlum səbəblərdən dünyasını dəyişməsi də yuxarıda izah elədiyim kimi Rövnəq Abdullayevin və himayədarlarının işi kimi izah edilir.

2004-cü ildə “Neftçi” Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev seçimdə qalib gələrək Milli Məclisin üzvü oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib. Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

Yenigundem.az