“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir”-Politoloqbackend

İlk dəfə idi ki, Azərbaycan-Ermənistan danışıqları bu qədər uzun çəkdi. Danışıqlar 4 gün ərzində baş tutdu. ABŞ dövlət katibi Entoni Blinken çıxışında bildirdi ki, sülh sazişinin imzalanması və ümumi vəziyyətin normallaşması daha aktualdır. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası daha vacibdir. Ona görə də yeni tendensiyalar meydana çıxdi. Biz bunu qəbul edirik.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Elşad Həsənov bildirib.

O, açıqlayıb ki, Azərbaycanın apardığı uğurlu siyasəti nəticəsində Ermənistan sülh müqaviləsini imzalamağa məhkumdur.

“Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini yaratdıq. Bununla da Xankəndiyə gedən bütün yollara Azərbaycan sahiblənmiş oldu. Ermənilərin qaçaq yolları bağlandı. Ermənistandan Qarabağa gələn ermənilər nəzarətdən keçirilir.
Azərbaycan ərazisinə qaçaq yolla silah-sursat daşınmasının birdəfəlik qarşısı alındı. Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələri bundan sonra oradan təmizlənəcək. Danışıqlarda da bu mövzu əksini tapır. Danışıqlarda razılıq əldə olunan məsələlərin olduğu bildirilir. Ancaq razılığa gəlinən məsələlər açıqlanmayıb. Bu çox böyük adımdır”.

Politoloq E.Həsənovun fikirincə, Cənubi Qafqazdan Rusiyanın çıxarılması ABŞ və Avropanın region üzərində siyasətinin əsasını təşkil edir.

“Görüş ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov, Rusiya XİN-inin sözçüsü Mariya Zaxarova iki ölkə arasında sülh müqaviləsinin yanlız Moskvanın vasitəçiliyi ilə imzalanacağını açıqladılar. Görünən odur ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. Onların istəyi budur ki, tərəflər arasında münasibətlər indi ki, vəziyyətdə qalsın. Qərbin istəyi budur ki, iki ölkə arasında sülh müqaviləsi imzalansın və münasibətlər normallaşsın. Cənubi Qafqazdan Rusiyanın çıxarılması ABŞ və Avropanın region üzərində siyasətinin əsasını təşkil edir. Buna vaxt lazımdır. Hər halda Moskvanın İrəvanda dayaqları daha çoxdur.
Vaşinqton danışıqlarının gələcəkdə müsbət nəticə verəcəyini güman edirik”,-deyə o qeyd edib.

Fərahim Rəhimov