Son zamanlar dünyanın siyasi gündəmini Rusiya və Türkiyə prezidentlərinin planlaşdırılan görüşü fəth edib.
Hər iki liderin görüş tarixləri bir neçə dəfə uzadılıb. Son məlumatlarda isə Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə sentyabrın əvvəlində görüşəcəyi bildirilir.
Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin Ədalət və İnkişaf Partiyası da bu haqda məlumat yayıb. İclasda Rusiyanın Qara dəniz taxıl sazişində iştirakının mümkün bərpası və ya onun alternativi müzakirə olunacaq.Putinin mətbuat katibi Dmitri Peskov da Türkiyə və Rusiya liderləri arasında danışıqlar gözlənildiyini və Kremlin bu danışıqlara hazırlaşdığını açıqlayıb. “Bloomberg” öz mənbələrinə istinadən yazır ki, görüş sentyabrın 8-də baş tuta bilər.
Ancaq prezidentlərin görüşündən əvvəl hər iki ölkənin XİN rəhbərlərinin görüşəcəyi ilə bağlı məlumat yayılıb.
Avqustun 31-i Moskvada Rusiya və Türkiyənin XİN rəhbərləri Sergey Lavrovla Hakan Fidan arasında görüş keçiriləcək. Bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb. Qeyd edək ki, daha əvvəl Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz açıqlamasında yaxın zamanlarda iki nazir arasında danışıqlar keçiriləcəyini bildirib.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov danışıb.
(Fotoda Samir Hümbətov)
Siyasi ekspert S.Hümbətov açıqlayıb ki, Rusiya və Türkiyə XİN rəhbərləri arasında keçiriləcək görüşdə Qarabağ məsələsinin müzakirəsi gözlənilir.
“Görüşün keçirilməsi gözlənilir. Hansı effekt verəcəyi görüşdən sonra məlum olacaq. Görünən odur ki, tərəflər arasındakı keçiriləcək görüşdə Ukrayna məsələsi xüsusilə müzakirə ediləcək. Ondan başqa, regional məsələlər müzakirə edilə bilər. Cənubi Qafqaz, Qarabağda baş verən son hadisələr, Suriya məsələsi, Türkiyənin yeni antiterror əməliyyatı gündəmin mövzusu idi. Hər halda Putin-Ərdoğan görüşünə hazırlıq kimi də dəyərləndirilə bilər”.
Siyasi şərhçinin fikirincə, Ankaranın əsas məqsədi yaxın vaxtlarda Zelenski-Putin görüşünü təşkil etməkdir.
“Türkiyənin əsas məqsədi ondan ibarətdir ki, yaxın vaxtlarda Zelenski -Putin görüşünü təşkil etsin.Tərəflər arasında görüş olsun. Hakan Fidan və Sergey Lavrov arasında baş tutacaq görüş çoxdan gözlənilirdi. Görüş həm də taxıl sazişi məsələləri haqqında fikirlər formalaşdıracaq. Çox güman ki, Ərdoğan -Putin görüşündə taxıl məsələsinin müzakirəsi də nazirlərin görüşündə məlum olacaq”,-deyə o qeyd edib.
Fərahim Rəhimov
Yenigundem.az