Rusiyada aparılan anti-Azərbaycan kampaniyası dərhal dayandırılmalıdırbackend

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:

“Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.

Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:

“Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz.

Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.