Rüşvət alan xəstəxana direktorundan xəbər varbackend

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fövzi Tahirov təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Rəsmi məlumata görə, Fövzi Tahirov qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.