Rüşvət almaqda təqsirləndirilən N saylı hərbi hissənin komandirinin müavini A. Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində 1 il sınaq müddəti seçilib və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib.
Məhkəmə A. Ağayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, Azərbaycan Ordusunun 100 illiyi medalı ilə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə, “Sücaətə görə” medalı ilə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Azərbaycan Prezidentinin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilməsini və Azərbaycan Ordusunun Antiterror əməliyyatlarında fəal iştirak etməsini nəzərə alıb.
Qeyd edək ki, A. Ağayev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qərargah rəisi, hərbi hissə komandirinin müavini kimi çalışıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.
İttihama görə, o, tabeçiliyində olan əsgər və müddətdən artıq hərbi qulluqçulara icazələrin və buraxılışların verilməsi müqabilində rüşvət alıb./APA