Şahbuz rayonunda “Heydər Əliyevin ömür yolu və ideyaları siyasi-mənəvi tariximizdir” mövzusunda konfrans keçirilib.
“Yeni Gundem” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib
Konfransda Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək ümummilli liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, xalqımız ulu öndər Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Dahi rəhbərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Yeni Azərbaycan Partiyası Şahbuz rayon Təşkilatının sədri Rizvan Məmmədov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında, Yeni Azərbaycan Partiyasının təsis olunmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb.
Digər çıxış edənlər bildiriblər ki, ümummilli liderimizin uzaqgörən siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir.
Sonda tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş “Ata yolu” filminə baxıblar.