Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan şəhərlərinə səfər ediblər. Sonra dövlətimizin başçısı Salyan şəhərində Azərbaycan televiziyasına müsahibə verib.
“Yeni Gundem” xəbər verir ki, Dövlətimizin başçısı müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ölkəmizin ordu quruculuğu sahəsi haqqında fikirlərini səsləndirib.
Prezident İlham Əliyev açıqlayıb ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, müxtəlif dəyişikliklər olub.
“Bildiyiniz kimi, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər – 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
“Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”.
Prezident qeyd edib ki, separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
“Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.
Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
Dövlətimizin başçısı açıqlayıb ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
“Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır”.
Fərahim Rəhimov