Hüquqşünas Əkrəm Həsənovun 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı paylaşımı müzakirəsiz ötüşməyib. ,
Pravda.az xəbər verir ki, hüquqşünas deputat seçimi ilə bağlı seçicilər üçün bəzi tələbləri önə çəkib.
“Kimi deputat seçəcəksiniz? Namizədlər sizinlə görüşsə, onlardan ən azı aşağıdakı qanunları qəbul edəcəkləri barədə vəd alın. Vəd verməsələr, onlara səs verməyin:
1) uşaq pulunun verilməsi – azı 350 manat;
2) qazilərə əlilliyə görə müavinətdən və pensiyadan əlavə sabit ən azı 1500 manat məbləğində təqaüdün verilməsi;
3) lüks əmlakdan yüksək verginin tutulması (villalardan ildə azı 10000 manat, bahalı avtomobillərdən – 5000 manat və s.);
4) Əlavə Dəyər Vergisinin 5-7%-ə endirilməsi;
5) məmurların gəlir və xərc bəyannaməsinin ictimaiyyətə açıqlanması;
6) daşınmaz əmlak və kommersiya təşkilatlarının reyestrlərinin ictimaiyyətə açıq olması;
7) korrupsiya cinayətlərinə görə ömürlük azadlıqdan məhrum etmənin tətbiqi, habelə amnistiya/əfvin istisnası”.
Sosial şəbəkə istifadəçiləri 3-cü təklifin ədalətli olmadığını, təxminən, 5-6-cı təklifin real göründüyünü deyiblər. Bəziləri isə Ə.Həsənovun təkliflərini “bolşevik təfəkkürlü” adlandırıblar.