Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirildibackend

11 mart tarixində “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşəbbüsü ilə Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirildi. Tədbir Beynəlxalq Muğam Mərkəzində həyata keçirlidi.

“Yeni Gundem” xəbər verir ki, tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva çıxış edərək, Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən diqqət və həssaslıqla yanaşılmasından və bu sahədə daim xüsusi layihələr, tədbirlər həyata keçirilməsindən bəhs edib.
Y. Abdıyeva Şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək, Novruz bayramının qədimiliyindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən Müharibəsində qazandığı zəfərlə geri qaytardığımız torpaqlarımızda bayram tonqalları qalamağın fərəh hissi olduğundan danışıb.
Y. Abdıyeva qeyd edib ki, Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunub. Şəhid ailələri və qazilərimiz hər zaman diqqət mərkəzindədir və biz onların yanındayıq. O, Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edib.

Tədbirdə həmçinin Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İB-nin sədri, əməkdar artist Nuriyyə Hüseynova, Sara Xatun Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Abbasova, Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar artist, tarzən Sahib Paşazadə, Medpro MMC-nin rəhbəri Hidayət Heydərov, şəhid ailələri və qazilər də çıxış ediblər.

Daha sonra musiqi proqramı və ziyafətə başlanılıb, qonaqlara bayram sovqatı təqdim olunub.