Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası tərəfindən “2907” devizi altında Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin əziz xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, seminarda Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş yüzə yaxın idmançı iştirak edib.
Seminar şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Seminarı öz çıxışı ilə açıq elan edən Braziliya Ciu-Citsu döyüş sənətinin Azərbaycanda banisi, qara kəmər sahibi Taleh Həsənov eyni zamanda birinci Qarabağ müharibəsi veteranı kimi uzun illərdir həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmağın sevinci ilə bu günləri yaşamağın böyük qürur hissi doğurduğunu vurğulayıb. T. Həsənov artıq idmançıların qarşısında böyük vəzifə olduğunu, onların bundan sonra beynəlxalq yarışlarda ölkəmizi daha böyük əzm və qətiyyətlə təmsil etməli olduqlarını bildirib.
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov öz çıxışında pandemiyanın gətirdiyi fəsadlardan, onun idmançılara mənfi təsirindən danışıb. O da öz növbəsində idmançıların üzərinə düşən böyük məsuliyyətli vəzifədən, onların post pandemiya dönəminə hazır olmasının vacibliyindən danışaraq öz tövsiyələrini verib. A. Acalov bildirib ki, torpaqlar uğrunda müharibə qələbə ilə nəticələnərək bitsə də, idman yarışlarında mübarizə bitməz, idmançılar iştirak etdikləri bütün yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa can atmalı, bu amal uğrunda daim çalışmalıdırlar.
Daha sonra çıxış edən Federasiyanın vitse-prezidenti Rüfət Həsənov öz növbəsində vətənpərvərlik mövzusundan danışıb. O, hər bir idmançının həm də vətənpərvər ruhda olmasının vacibliyini vurğulayıb. R. Həsənov bildirib ki, ölkəmizin beynəlxalq aləmdə tanınması, adının hallanması, bayrağının dalğalanmasında idmançılarımızın əvəzsiz rolu var. Hər bir idmançı həm də Vətənin şan-şöhrəti uğrunda mübarizə aparan bir Azərbaycan əsgəridir.
Çıxışlardan sonra seminar öz işinə başlayıb. Seminar Taleh Həsənovun rəhbərliyi və Federasiyanın vitse-prezidenti, qara kəmər sahibi Anar Səfərovun müşayiəti ilə keçirilib. Seminar zamanı Braziliya Ciu-Citsu idman növünün bir sıra fəndləri göstərilib, bu idman növünün incəlikləri idmançılara nümayiş etdirilib. Sonda keçirilən atestasiya ilə bir sıra idmaçılara növbəti kəmər dərəcələri təqdim edilib.