Kulis.az Ulucay Akifin “Şaftalı kompotu bağlayan “məllimələr”” adlı yazısını təqdim edir.
Baxıram, müəllimlərin sertifikasiya məsələsi bir neçə gündür gündəmdən düşmür. Hamı elə bu haqq-hesabdan danışır.
Ümumiyyətlə, son 1 il ərzində ən çox Təhsil Nazirliyinin qərarları, nazir Emin Əmrullayevin çıxışları müzakirə olunur. Müzakirə olunur deyəndə ki, bizimkilərin müzakirə anlayışını bilirsiniz də. Lağ eləmək, tənqid eləmək, təhqir eləmək, daha konkret desək, vedrə bağlamaq.
Elə yazımın girişində təxminən on gün qabaq, hələ bu imtahanlar baş tutmazdan əvvəl Feysbukda yazdığım bir statusu sizə xatırlatmaq istəyirəm.
Yazmışdım ki…
Azərbaycanda müəllimlərin əksəriyyəti evdar xanım olmamağın dərdindən, evdə oturub sıxılmamaqdan ötrü, özünü iş qadını kimi hiss etmək üçün məktəbə gəlib-gedən adamlardır.
Yazmışdım ki…
Həmin qadın müəllimlərin əsas məqsədi məktəbdə digər müəllimlərlə şubalarını, qırqızıllarını, “sumka” və ayaqqabılarını yarışdırmaqdır.
Yazmışdım ki…
Bizim qadın müəllimlər nəinki məktəbdə, hətta evdə hazırlaşdırdıqları şagirdlərinə də gəlinlərindən, oğullarının işlərindən, qızının ərinin imkanından danışmağı sevir.
Yazmışdım ki, bizim qadın müəllimlərin əksəriyyəti “qeybətcil arvad” obrazından çıxa bilmir və əsl təyinatları, görməli olduqları iş evdə bozbaş bişirməkdir.
Bu statusuma görə məni xeyli qınadılar. Qınamaq nədi e! Abrıma qısılıb “qınadılar” yazıram. Məni elə təhqir elədilər ki…
Vallah, məni narahat edən təhqir olunmaq deyil, adamların mənə “qadın düşməni” damğası vurub dediyim həqiqəti görməzdən gəlmələridir. Elə şərhlər yazdılar, sanki, bunlar Oksfordda, Kembricdə oxuyublar. At kimi üzümə dirəndilər, dedilər ki, yalan deyirsən, Azərbaycan müəllimləri elə deyil. Adamlara heç nə sübut edə bilmədim.
İndi isə bir neçə gündür sosial şəbəkələrdə müəllimlərin imtahan göstəriciləri, “savadları” müzakirə olunur.
Məlum olub ki, Azərbaycanlı müəllimlərin əksəriyyəti heç adi sözlərin düzgün yazılışından da xəbərdar deyilmiş. Şaftalı, səhv, anbar, şənbə… Bu cür primitiv sözlərin necə yazıldığını bilmirlərmiş.
Ay adamlar, bəs mən də sizə bunu demirdim? Niyə məni gözümçıxdıya salırdınız? Mütləqdir ki, bunu Nazir desin? Ulucay Akif deyəndə olmur?
Nəysə e… Canınız sağ olsun. Yenə də yüksək mərhəmət göstərib sizin bu nadanlığınızı, cahilliyinizi bağışlayıram.
Hələ həmin statusu çox yumşaq yazmışdım. Məktəbdə bal, pendir, qatıq, şor, inanmayacaqsınız, hətta “kalqotka” satan qadın müəllimlərin də olduğunu görmüşəm, eşitmişəm. Nolsun ki, qınadılar, söydülər? Qınayan, söyən adamlar da bunu çox yaxşı bilirdilər, özləri də görmüşdülər. Yenə deyirəm, mərhəmətim böyükdür, həmin adamları bağışlayıram. Yaxşılıq edib həqiqəti deyirəm, balıq bilməsə də, Xaliq bilər.
Kiçik bir haşiyə çıxım.
Sual yarana bilər ki, niyə həmin statusumda ancaq qadın müəllimlərdən yazmışdım? Bunu da cavablandırım.
Əvvəla, Azərbaycanda müəllimlərin maaşı az olduğundan kişilər bu müqəddəs peşədə çalışmağa o qədər də həvəsli olmurlar. Çünki kişilər ailə başçısı kimi daha çox pul qazanmağa məcburdur. Qadınları isə, çox vaxt az maaş da qane edir. Əsas odu şubasını geyinib getməyə yeri olsun, bir də kosmetikasının pulunu çıxarsın.
Sertifikasiya imtahanından kişi müəllimlərin əksəriyyətinin üzüağ çıxdığını da deyim. Yenə mənə əsəbiləşməyin. Bunu statistika deyir.
Əsas məsələ bu deyil. Demək istədiyim başqa bir məsələ var.