“Artıq bizi tərk etdiyin 40 gündür… Sənin haqqında “öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Ona görə də “tərk etdi” ifadəsini deyirəm”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova “Instagram” hesabında yazıb.
İllər öncə atası ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşən Səidə ürək sözlərini yazıb:
“Axı sən ölməmisən, mənim ürəyimdə yaşayırsan. 40 gün öncə, 16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər… Mənim dünyam da söndü.
Yoxluğundan istifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna əslində, çox təəccüb etmədim. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behişt olsun, atam. Mənə demişdin: “Qızım, güclü ol, çunki mənim qızımsan”. Sənə söz verdiyim kimi olacam. Ölməz, əfsanəvi atam”.
Qeyd edək ki, R.Dadaşovun əmisi qızı, Xalq artisti Brilliant Dadaşova bundan öncə sosial media hesabında aktyorun fotosunu paylaşaraq bu sözləri yazıb:
“Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər.
Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər. Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki iki ay”.
Xatırladaq ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. R.Dadaşov martın 16-da vəfat edib.