Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 2 medal qazanıb.
Komandamız yarışın ikinci günündə 1 qızıl və 1 bürünc mükafata sahib olub.
İlk mərhələdən azad olan Şəms Əlizadə (160 sm) debüt görüşündə isveçli Nazaah Valiulla ilə üz-üzə gəlib. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan taekvondoçumuz 1/4 finalda Barba Strjemkovskanı (Polşa) da eyni hesabla məğlub edib. O, yarımfinalda Laura Kuyaçuçlə (Bosniya və Herseqovina) qarşılaşıb və bu görüşü də aktivinə yazıb – 2:0.
Şəms uğurlu seriyanı finalda da davam etdirib. Serbiyalı Sanya Brkiçlə döyüşən yığma üzvü bu dəfə də hər iki hissəni hesabına yazıb. Ev sahibinə 2:0 hesabı ilə qalib gələn yığma üzvü Avropa çempionu tituluna yiyələnib və Belqradda Azərbaycan himnini səsləndirib.
Yığmamızın digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə yüksəlib. O, ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) 2:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçumuz bu mərhələdə Abubakr Şaxmaqomedovlə (AİN) üz-üzə gəlib. Hətəmli 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş medal əldə edib./APA