Sənay Qəhrəmanlıya görə təqsirləndirilən şəxs yenidən məhkəmə qarşısındabackend

Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 13-nə təyin edilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib. Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2021-ci il dekabrın 30-da Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkməsi şikayəti təmin etməyib. Daha sonra zərərçəkmiş tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək cəzanın ağırlaşdırılmasını istəyirdi. Ali Məhkəmə zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.