Nəzarətimizdən kənar olan, bizə dərindən təsir edən hadisələrdən biri və bəlkə də birincisidir ölüm. Çoxumuz ölümdən qorxar, onu düşünməkdən çəkinər, özümüzün və sevdiklərimizin sonsuzadək yaşayacağını zənn edərik. Ancaq gec və ya tez ölüm həyatımıza girər və sevdiklərimizi əlimizdən alar.
Sizə ölümün sevdiklərinin əlindən almış Arzudan danışmaq istəyirəm; gənc yaşında dünyaya gözlərini əbədi yuman, arzuları yarımçıq qalan Arzudan… Onun haqqında nə yaza bilərəm deyə çox fikirləşdim. Axı bu həyatda heç üz-üzə gəlməmişdik, tanış ola bilməmişdik. Anası Ulduz xanımın telefon zənglərində tanıdım onu, ananın boğulan, kövrək, titrəyən səsində tanıdım balası Arzunu. Ulduz ana ilə hər dəfə əlaqə saxladıqca mənə doğma olan, indi həyatda olmayan insanları xatırladım, həyatın o biri üzünə baxdım. Ulduz ana deyir ki, dünyam uçub, Arzusuzam.
Qardaşı Məmmədlə görüşəndə də çox düşündü bacısı ilə bağlı hansı xatirələri danışa bilər mənə. Amma heç cürə xəstəlikdən və çəkdikləri əziyyətlərdən kənar xatirələr yada düşmədi. Məlum oldu ki, elə sevincləri də, kədərləri də bu amansız xəstəliklə bağlı olub. Nə zaman ki, Arzunun səhhətində müsbətə doğru nəticə əldə ediblər onda ən sevincli günlərini yaşayıblar, yeni ümidlər, yeni başlanğıclarla bağlı xəyallar qurublar.
Arzu Əlizadə 21 iyul 1993-cü ildə Mingəçevirdə anadan olub. 2010-cu ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarixşunaslıq ixtisasına qəbul olub. 2014-cü ildə Universiteti bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsilinə davam edib. 2016-cı ildə BDU-nun doktorantı kimi “İlham Əliyev və Azərbaycan Respublikasının sosial mədəni inkişafı tarixindən (2003-2018)” mövzusunda dissertasiya işi yazıb. 2015-ci il İyul ayında ailə həyatı qurub. Ömür-gün yoldaşı Orxan da daima xanımına dəstək olub, onu ruhdan düşməyə qoymayıb, mübarizə aparmağa sövq edib, uşaq kimi nazı ilə oynayıb.
2017-ci ildə çənə nahiyəsində yaranan narahatlıqla bağlı bir neçə dəfə əməliyyat keçirib. 2018-ci ildə xərçəng diaqnozu qoyulanda artıq xəstəlik digər orqanlara metastaz vermiş, 4-cü dərəcəyə çatmışdı. Arzu bundan sonra bir neçə ağır əməliyyat keçirərək kimyaterapiya qəbul etsə də 2019-cu ildə xəstəlik daha ağır vəziyyət almışdı.
Ən böyük arzusu idi auditoriyada olmaq, dərs demək, tələbələrə öyrətmək, onlarla birlikdə öyrənmək… Elə 2019-cu ildən pedaqoji fəaliyyətə başlamışdı Arzu. Şikayət etmirdi, yorulmadan, usanmadan daha çox çalışırdı, həyat sevgisi tükənmirdi, mübarizə aparmağa davam edirdi. Səhhətində yaranan problem isə daha ağır hal almağa başlamışdı. Bu məqamda heç kəs Arzudan duasını əsirgəməmişdi; lakin tanrıya çatmamışdı dualar… Arzu son anında yanında olmalarına rəğmən onu sevənlərlə sağollaşmadan, sakitcə, yaxınlarının gözünə baxaraq əbədiyyətə qovuşdu. Arzunu öz dərgahına apardı Allah. Dekabrın 2-si Arzunun vəfatından düz bir il ötür. Bu ölüm onu sevənləri elə sarsıtdı, elə ağrıtdı ki, nə ilə təsəlli tapacaqlarını hələ də bilmirlər.
Geriyə isə 4 yaşında özündən bir parça qız övladı əmanət qoyub getdi…
27 illik ömür möhlətində utancaq, çalışqan, zəhmətkeş, böyük-kiçik yeri bilən bir gənc, gələcəyi parlaq bir tədqiqatçı kimi yaddaşlarda qaldı. Böyük elmi uğurlar qazanacağına ümidlər bəslənilirdi. İlk elmi nailiyyətləri onun bu ümidləri doğruldacağının nişanələri idi. Potensialı imkan verirdi ki, elmi tədqiqatları ilə daha geniş arenada məşhurlaşsın. Əcəl buna aman vermədi… Onunla bağlı hər kəsin – ailəsinin, müəllimlərinin, tələbə yoldaşlarının xoş xatirələri var. Arzu qısa amma şərəfli bir ömür yaşadı, onu tanıyanların xatirində bir iz qoydu. Elə bu yaşda, bu görkəmdə, bu baxışda qəlblərə köçdü.
Bu kövrək yazı ilə Ulduz anaya, Arzunu tanıyanlara azacıq da olsa təsəlli ümidilə ruhun şad olsun mübariz xanım…
Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri