Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə müzakirələrə səbəb olan “şou adamından mənə gəlin olmaz” açıqlamasına aydınlıq gətirib.
Sənətçi “Yeni Gundem”e açıqlamasında fikrinin yanlış anlaşıldığını, sözünü səsi olmayıb, ancaq şouları ilə gündəmdə qalan ifaçılara aid etdiyini vurğulayıb:
“Əlbəttə ki, media sözlərimi təhrif etdi. Mənə sual verdilər ki, sənət insanı gəlininiz ola bilərmi? Mən də cavab verdim ki, əsl sənət insanı gəlinim olsa, bununla fəxr edərəm. O qədər qızlarımız var ki… Rəssamlar, müğənnilər, pianoçular… Mənim kimi həqiqi musiqiçidirsə, onun ailəsi, həyat tərzi də həqiqi olacaq. Özüm sənətdə ola-ola niyə sənət insanını istəməyim? Elə bir şey ola bilər?
Mən heç vaxt konsertlərimdə sirk hərəkətləri göstərməmişəm. Belə şeylərdən zəhləm gedir, xoşum gəlmir. Oğlum kimə baxıbsa, sorğu-sual etmədən demişəm ki, elçi gedək? Onun özünün evlənmək fikri yoxdur, mən nə edə bilərəm? Mən şər-böhtana öyrəşmişəm. Həmişə arxamca iş görənlər olur, Allah onların cavabını versin”.