Avqust ayının 31-də Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dahi öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlərin əldə edildiyi, sərhədçi idmançıların mötəbər yarışlarda qalib gələrək Dövlət Bayrağımızı beynəlxalq arenalarda ucaltdıqları xüsusi qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını salamlayaraq gənc nəslin sağlam ruhda formalaşması məqsədilə ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanların yaradıldığını, respublikamızda ən möhtəbər yerli və beynəlxalq yarışların keçirilməsi üçün idman arenalarının fəaliyyət göstərdiyini, 15-ci ildönümü böyük təntənə ilə qeyd edilən “Sərhədçi” İdman Mərkəzinin isə məhz Ali Baş Komandan cənab İlham Əliyevin sərhədçilərə olan ali diqqətinin təzahürü olaraq 31 avqust 2009-cu ildə şəxsən iştirakı ilə açılışı edilərək sərhədçilərin və əhalinin istifadəsinə verildiyini xüsusi vurğulayıb.
Ölkəmizi yerli və beynəlxalq yarışlarda şərəflə təmsil edən “Şöhrət” ordenli, “Tərəqqi” medallı və Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmiş, əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüş sərhədçi idmançıların marş sədaları altında tribuna önündən keçmələri tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Sərhədçi idmançıların Olimpiya, Dünya, Avropa, İslam Həmrəyliyi Oyunlarında, Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatında, beynəlxalq və yerli yarışlarda 2383 qızıl, 1483 gümüş, 1540 bürünc, ümumilikdə 5406 medal və 212 kubok qazandıqları xüsusi vurğulanıb.
Daha sonra tədbir iştirakçılarına “Sərhədçi” İdman Mərkəzinin fəaliyyətini özündə əks etdirən videoçarx, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri və solistlərin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.
Tədbirin sonunda sərhədçi idmançılarla xatirə fotoşəkilləri çəkdirilib.