Etnoqrafik mənbələrə görə, “Yallı” qədim Azərbaycan tayfalarının ritual rəqsi sayılır. Rəqs özündə qəhrəmanlıq motivləri ilə yanaşı qədim tayfaların əhval-ruhiyyəsini, güc və birliyini əks etdirir. Odu qorumaq mənası ilə qala divarlarını ifadə edir. Yallı rəqsinin qədim və geniş təsvirinə Qobustan-Gəmiqaya qayaüstü rəsmlərində, qədim boyalı qablar üzərində, daha sonra isə Nizami Gəncəvinin „Xosrov və Şirin“ poemasında, rast gəlinir.
ŞƏRUR ” XALQ YALLI ANSAMBLI”nın isə, bu il 95 illik yubileyidir! Rəqs kollektivi 1929 ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir. 1936 ildən böyük səhnəyə qədəm qoyan ansambl, 1938 ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Dahi Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Bu ansamblı əzizləyərək, hörmətlə yanaşırdı.
Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş , diplom və mükafatlara layiq görülmüşdür. 1972 ildə keçmiş ADR – də keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş və festival laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980 ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə , 1987 ildə Türkiyənin İsgəndərum şəhərində keçirilən folklor bayramında, 1998 ildə Bayburt şəhərində ” Dədə Qorqud ” festivalında, 2001 ildə Qahirədə (Misir) XII beynəlxalq folklor festivalında da uğurla çıxış etmişdir . Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir . Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir. Bu gün də Şərur Xalq Yallı ansamblı öz fəaliyyətini Naxçıvanda uğurla davam etdirir.
Repertuarına ifa tərzi ilə bir – birindən fərqlənən 40 – dan çox yallı və rəqs ( ” Qaladan – qalaya ” , ” Tello ” , ” Xələfi ” , ” Urfanı ” , ” Tirmə şal ” , ” Qazı – qazı ” , ” Dırqo ” , ” Höynəri ” , ” Gülümey ” , ” Haxışta ” və s . ) daxildir. Bu isə onu göstərir ki, bu rəqs ansamblı tək başına bir festivalın repertuarını ifa edəcək gücünə malikdir. 2005-ci ildə ansamblın 50 – yə yaxın üzvü var idi . Ansambl gənc ardıcıllarını yetişdirmək sahəsində də səmərəli fəaliyyət göstərir . Çərçiboğan kənd mədəniyyət evinin ” Fidanlar ” , Aralıq kənd mədəniyyət evinin ” Şərur qönçələri ” , Yengicə mədəniyyət evinin ” Cücələrim ” , Muğancıq – Mehrab kənd klubunun qızlardan ibarət yallı rəqs qrupu və digər kollektivlər vaxtı ilə məhz ” Şərur ” yallı ansamblının yetirmələri idi.
Azərbaycan milli rəqsi olan “Yallı”. Ən qədim rəqs növü kimi, 2018 – ci ilin 26 noyabr, dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port – Luis şəhərində UNESCO – nun Qeyri maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13 – cü sessiyasında qəbul edilmiş qərarla Naxçıvanın ənənəvi qrup rəqsləri
Yallı- Köçəri vəTənzərə “UNESCO – nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
Bu il isə “ŞƏRUR – XALQ YALLI ANSAMBLI”-nın 95 illiyi qeyd olunur.
Bu münasibətlə, bu qədim rəqsi ifa edənləri və sevənləri ürəkdən təbrik edirəm!
Ülviyyə Həmzəyeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Rəssamlar Birliyi sədri,əməkdar rəssam.
(Qeyd: Şərur-Xalq Yallı Ansamblının 95 illik yubileyinin təntənəli keçirilməsi məsələsi, Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin 18 yanvar tarixli yaz sessiyasının ilk iclasında iki məsələdən biri kimi qaldırılmışdır.)