Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir – Fatma Yıldırımbackend

Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur.Ölkələrimizi qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir. Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qovuşduran ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır. Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Səudiyyə Ərəbistanı yerləşdiyi bölgədə, ümumiyyətlə, bütün Yaxın və Orta Şərqdə çox böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir. Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Biz məmnunuq ki, iki ölkə arasında artıq bütün sahələrdə möhkəm dostluq əlaqələri qurulub.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərimizin də öz rolu var: Düşünürəm ki, bu gün parlamentlərarası dostluq qrupunun fəaliyyəti ölkələrimiz arasındakı gələcək ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Çünki biz bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığımızın çox böyük faydalarını görürük. İstər mədəniyyət istərsə iqtisadi-ticarət, humanitar sahədə əməkdaşlığımız daima inkişaf edir. Bizim üçün çox xoşdur ki, Səudiyyə Ərəbistanı daim Ermənistan-Azərbaycan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləmişdir və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmamışdır. 44 günlük Vətən müharibəsi zamanı da ölkəmiz Azərbaycanın haqlı mövqeyini müdafiə etdi.

Qarşılıqlı faydalı əməkdaşlığın daha bir nümunəsi bu gün keçirilən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsidir. Memorandum bu ilin sentyabrında imzalanıb. Bu  Memorandum dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hər iki dövlətin vətəndaşlarının qarşılıqlılıq prinsipinə uyğun olaraq gediş-gəliş prosesinin asanlaşdırılması məqsədinə xidmət edir. 

Sənədə əsasən, hər iki dövlətin vətəndaşları diplomatik, xüsusi və xidməti pasportları təqdim etməklə 180 gün ərzində 90 gündən çox olmayaraq digər dövlətin ərazisinə vizasız daxil ola bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan şəxslər isə müvafiq qaydada viza və ya yaşayış hüququ verən sənəd almalıdırlar. Qeyd olunan müddəalar Həcc və ya Ümrə ziyarəti məqsədilə Səudiyyə Ərəbistanı Krallığına gedən Azərbaycan vətəndaşlarına şamil edilmir. Memoranduma əsasən, tərəflər öz üzərinə milli qanunvericiliyə və tərəfdaş olduqları beynəlxalq müqavilələrə hörmətlə yanașmaq öhdəliyi götürməklə yanașı, eyni zamanda, arzuolunmaz hesab etdikləri vətəndaşları izah etmədən öz dövlətinin ərazisinə buraxmamaq və qalma icazəsi verməmək kimi hüquqları özlərində saxlayırlar.

Bütövlükdə, bu sənəd dövlətlərimiz arasında daha da genişlənən əlaqələrimizin göstəricisidir.