Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında 2017-ci ildən etibarən start götürən Beynəlxalq Sıfır Tullantı Layihəsi qloballaşma yolunda inamla irəliləyir. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 14 dekabr 2022-ci il tarixli qərarına əsasən artıq bütün dünya 30 mart tarixini Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edir.
Türkiyənin əsas, Azərbaycan da daxil olmaqla digər 105 ölkənin ortaq server olduğu Sıfır Tullantı layihəsi tullantıların yaranması səbəblərini nəzərdən keçirməklə qarşısını almaq və ya minimuma endirmək, təkrar emal etmək, resurslardan daha səmərəli yararlanmaq məqsədi daşıyır. Ümumən, “Sıfır tullantı” fəlsəfəsi tullantıları həyatın bütün sahələrindən çıxarmağı hədəfləyir.
Hərəkatın təşəbbüskarı olaraq Türkiyə Sıfır Tullantı Layihəsi ilə dünyanın maraq mərkəzində olan bütün ekoloji və təbiəti mühafizə layihələrində nümunəvi ölkə kimi seçilir. Statistikaya əsasən, hərəkat başlayandan bəri Türkiyədə 19 milyon insana sıfır tullantı təlimi verilib. 572 milyon kubmetr suya qənaət edilib, 180 min ton dəniz zibili yığılıb. Plastik torbalardan istifadə 62,5 faiz azaldılıb, 31 min 500 ton istixana qazı emissiyasının qarşısı alınıb, 164 min bina və kampus Sıfır Tullantıların İdarə Olunması Sisteminə keçirilib. Ümumilikdə bu hərəkat çərçivəsində ölkə 62,2 milyard lirə iqtisadi qazanc əldə edib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2022-ci il noyabr ayının 11-də Özbəkistanın Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” sənədini imzalayıb. Məqsəd Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılmasıdır.
Ümumiyyətlə, tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Həmin sənədi imzalamaqla Mehriban xanım Əliyeva Azərbaycanda sıfır tullantı yanaşmasının təbliğ olunması və qabaqcıl təcrübələrin paylaşılmasını vəd edir.
Artıq qlobal ətraf mühit hərəkatı kimi dünyada geniş miqyas alan Beynəlxalq Sıfır Tullantı Günü bir neçə ildir ölkəmizdə də genişmiqyaslı tədbirlərlə müşayiət olunur.
Hazırda işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən sistemli və planlı şəhərsalma fəaliyyəti Azərbaycanda ətraf mühitin mühafizəsi və tullantılardan səmərəli istifadə məsələsini daha da aktuallaşdırır. Belə ki, Vətən müharibəsindən sonra böyük tikinti meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bütün ərazi planlaşdırma layihələri məhz bu amillər nəzərə alınaraq tərtib olunur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yerli və xarici mütəxəssislərin iştirakıyla hazırlanan Baş Planlarda “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları tətbiq olunur ki, bu konsepsiyaların da 6 əsas komponentindən biri ətraf mühitin qorunmasına hesablanıb. Bu komponentlərə yaşıl enerjidən və təbii resurslardan səmərəli istifadə, həmçinin tullantıların təkrar emalı daxildir və bu amillərin nəzərə alınması əhalinin həyat keyfiyyətinin yüksəlməsi ilə yanaşı, ətraf mühitə kənar təsirlərin minimuma endirilməsinə yönəlib.
Qarabağ və Şərqi Zəngəzur ərazilərinin qurulmasında ölkəmizin imza atdığı daha bir yeniliksə tikinti-söküntü tullantılarının təkrar emalı layihəsinə başlanılmasıdır ki, bu addımı da “sıfır tullantı”ya yönəlmiş aksiyaların ən vacib tərkib hissəsi kimi dəyərləndirmək olar. Belə ki, dünya təcrübəsinə uyğun olaraq artıq ölkəmizdə də yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi məqsədilə tikinti-söküntü tullantılarının təkrar emalı həyata keçirilir. Qarşıya qoyulan hədəflərə uyğun olaraq Ağdam rayonunda tullantılar, dağıdılmış tikililərin qalıqları emal olunaraq təkrar material kimi istehsalata qaytarılır. Əldə edilən materiallardan isə daha çox yolların bərpasında istifadə olunur. Və bu addım “sıfır tullantı”ya səbəb olmaqla yanaşı, tikinti sektorunun dayanıqlı inkişafına daha da təkan verir.
İqlim böhranı ilə mübarizədə hazırda şəhərlərdə avtomobillərdən azad zonalar yaratmaq və velosiped zolaqlarını artırmaq da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Baş Planlarda diqqət edilən əsas məqamlardandır. Bu da dünyanın bir çox şəhərlərində olduğu kimi, Azərbaycanda da velosipeddən istifadə etməklə daha sağlam həyat tərzi və ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyətli təşviqatdır.
İşğaldan azad olunmuş ərazilərdə tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılması məqsədilə “yaşıl enerji” layihələrinə də üstünlük verilir. Buna əyani misal Zəngilan rayonu Ağalı kəndinin smart-ağıllı kənd layihəsinə qoşulmasıdır. Həmin ərazilərdə 4000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin formalaşdığı ərazidir. Belə ki, regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir. Və bu təbii resurslardan səmərəli istifadə edilməklə “sıfır tullantı” məqsədlərinə nail olmaq mümkündür.
Göründüyü kimi, Azərbaycan Hökuməti urbanizasiyanın yaxşılaşdırılması və şəhər mühitinin davamlı inkişafının təşviqi istiqamətində səylərini ildən-ilə daha fəal şəkildə davam etdirməkdədir. Bunun nəticəsidir ki, ölkəmiz bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi hüququ qazanıb. Sözsüz ki, bu da beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı etimadından, habelə şəhərsalma sahəsində uğurların qlobal səviyyədə yüksək qiymətləndirilməsindən irəli gəlir.
Zəngin təbiətə və maddi-mədəniyyət irsinə malik olan Azərbaycan ətraf mühitə qayğının vacibliyini dərk edir. Lakin ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahəsində müsbət nəticələr əldə etmək üçün təkcə dövlət səviyyəsində səyləri gücləndirmək deyil, həm də vətəndaş cəmiyyəti və özəl sektoru bu işə fəal şəkildə cəlb etmək lazımdır. Unutmayaq ki, yalnız birgə səylərlə gələcək nəsillər üçün təmiz və sağlam ətraf mühiti təmin edə, həmçinin təbii ehtiyatlarımızın tükənməsinin qarşısını ala bilərik!