“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil olmaq mümkün olubbackend

2022-ci ilin iyunundan Dövlət Gömrük Komitəsinə (DGK) məxsus e.customs.gov.az portalında elektron gömrük xidmətlərindən istifadə edən SİMA İmza sahibləri, artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də eyni xidmətlərdən istifadə edə bilərlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Gundem”-ə bildirilib ki, “AzInTelecom” MMC ilə DGK arasında görülmüş birgə işlər nəticəsində “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası uğurla tamamlanıb. Vətəndaşlar və fərdi sahibkarların “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olması imkanı yaradılıb. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.

İstifadəçilər “Smart Customs” tətbiqində aşağıdakı əməliyyatları rahatlıqla icra edə bilərlər: Elektron Ticarət – sadələşdirilmiş bəyannamə verilməsi, sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verilməsi, gömrük ödənişlərinin hesablanması, elektron növbə götürülməsi, sürətli keçid əldə edilməsi, GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi) alınması, mobil cihazın gömrükdə bəyan edilib-edilmədiyinin yoxlanılması, elektron hesab səhifəsi açılması və DGK-a elektron müraciət göndərilməsi.