Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Honeywell” şirkəti arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb.
SOCAR-dan verilən məlumata görə, bu saziş SOCAR prezidenti Rövşən Nəcəf və “Honeywell”in yüksək artım tempi olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə imzalanıb.
Görüşdə SOCAR ilə “Honeywell” şirkətləri arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda STAR neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib.
Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə əməkdaşlıq, həmçinin bərpaolunan enerjiyə həsr olunan beynəlxalq tədbirlərdə birgə iştirak imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi, emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə əməkdaşlığı nəzərdə tutur.