ABŞ-ın Arizona ştatında UNO (Uçan Naməlum Obyekt) donanması görünüb.
“Yeni Gündəm” xəbər verir ki, Express.co.uk adlı ingilis nəşri UNO-ların 2016-cı ilin avqust ayında kameraların obyektivinə tuş gəldiyini iddia edib.
Nəzəriyyəçilər kameralara düşən 3 naməlum obyektin yadplanetlilərin UNO donanması olduğunu iddia edib.
UNO nəzəriyyəçisi Skott Varinq görüntü haqda bunları deyib:
“Böyük ehtimalla, bu UNO-lar yeraltı yadplanetli bazasından gəlir”.
O, yadplanetlilərin dünya üçün qorxunc bir planının olduğunu istisna etməyib:
“Onlar hərbi məqsəd güdə bilərlər”.
ABŞ Donanması 2004-cü ildə UNO ilə bağlı məxfi məlumatlar əldə edildiyini, bunun ifşa olunacağı halda milli təhlükəsizliyə ciddi təhdidlərin yaranacağını iddia edib.
2004-cü ildə nə baş vermişdi?
“USS Nimitz” döyüş gəmisinin ekipaj üzvləri 2004-cü ildə havada qəribə obyektlə üzləşdilər. Bu barədə mediaya məhdud məlumat verilsə də, araşdırmaçı Kristian Lebmbrayt ABŞ Donanmasının Kəşfiyyat Xidmətinin (ONI) UNO ilə bağlı məxfi məlumatlara sahib olduğunu iddia edib. “Nyu-York Tayms” qəzeti 2017-ci ildə məlum olayla bağlı ekipaj üzvlərinin UNO-larla qarşılaşmasına dair 1 dəqiqəlik video yayımlamışdı.
1991-ci ildə SSRİ-nin “Mir” kosmos stansiyasına gedən ingilis astronavt Elen Şerman yadplanetlilərin mövcud olduğunu iddia etdi. Şerman yadplanetlilərin mövcud olduğunu, onların fərqli elementlərdən ibarət olduğunu bildirdi. Astronavta görə, yadplanetlilərin Yer kürəsinə haradan gəlməsinin sirrini çözmək çox çətindir. Həmin fərqliliklər buna mane olur. Bu varlıqların karbon və azot əsaslı olduğunu deyən Şerman onların görünməsinin mümkün olmadığını iddia edib.
Qədim Misir piramidaları
ABŞ Milli Kosmos İdarəsi (NASA) Misir piramidalarının inşası ilə bağlı ilginc iddiaları irəli sürdü. NASA Tubanın Şimal qütbünə ən yaxın ulduz olduğunu açıqladı. Bu ulduz haqda 4700 illik qeydlər də var. Ən qədim Misir piramidasının inşasında Tuban ulduzunun rolunun olduğu ortaya çıxdı.
NASA-nın “Kepler” teleskopunun nəzarətində olan ulduzun 27 gün ərzində parlaqlığında baş verən dəyişiklik bir sıra iddiaların irəli sürülməsinə yol açdı. Maraqlıdır ki, qədim misirlilər də Tubanı “Şimal ulduzu” adlandırırdılar. Əslində isə Tubanın iki ulduzdan ibarət olduğu üzə çıxdı .
4700 il əvvəl misirlilər inşa etdikləri piramidaları da bu ulduza görə hazırladılar. Araşdırmaçılar da bunu iddia edir. Amma necə? Bu naməlumdur.
Antarktidadakı sirli obyekt
Bir neçə il əvvəl Antarktidada tapılan sirli obyekt haqda hələlik açıqlama verilməyib. Böyük bir buz təbəqəsinin əriməsi ilə ortaya çıxan tikilinin nə olduğu hələlik bilinmir. Lakin bu, Yer kürəsinə çırpılmış bir UNO-ya oxşayır.
Astronavtdan yeni iddia
Sosial şəbəkədə sualları cavablandıran amerikalı keçmiş astronavt Maykl Kollins “Yadplanetlilər varmı?” sualına “Bəli” cavabını verib. O, daha fərqli bir planetdə həyat axtarmaq üçün xüsusi kosmik vasitəsinin (Apollo 11) hazırlandığını iddia edib.
Marsın böyük sirri
İddiaya görə, NASA-nın Marsa göndərdiyi kosmik cihaz yadplanetlilərin dünyadakı yeraltı bazasını üzə çıxarıb. Marsın səthində planetin daxilinə uzanan bir keçidin olduğu da Skott Varinqin iddiasıdır. Lakin kosmik idarə yadplanetlilərin Marsda yaşaması haqda ortaya çıxan iddialara cavab verməkdən imtina edir.
1984-cü ildə Aydan çəkilən foto
1984-cü ildə NASA-nın stansiyasından kosmosa göndərilən “Discovery” kosmik gəmisinin çəkdiyi bir fotoda UNO-nun əks olunduğu iddiası ortaya çıxdı. Skott Varinq naməlum obyektin Ayın çəkilən fotosunda yer aldığını bildirib. O, UNO-nun Ayın Yer kürəsinə baxan hissəsində dayandığını iddia edib.
Yadplanetli irqi
Amerikalı professor Uilyam Ramozer Marsda həşaratların tapıldığını deyib. Professor görə, bu, başqa bir planetdə tapılan ilk yadlanetlidir: “Marsda həyat vardı və olmağa da davam edəcək”.
Professor Marsda tapılan həşaratların uçmaq xüsusiyyətlərinin olmasına da diqqət çəkib.
Nüvə təhlükəsi
Yadplanetlilərin araşdırılması üçün qurulan “Paradiqma”nın qurucusu Stiven Besset yadplanetlilərin dünyada mövcud olan nüvə silahlarına əllərinin çatdığını deyib. Onun sözlərinə görə, başqa bir planetdən gələnlər istədikləri vaxt nüvə sistemlərini açıb bağlaya bilirlər. Besset yadplanetlilərin nüvə silahlarına etiraz etməsi kimi qəribə bir iddianın da altından xətt çəkib.
Günəşin yaxınlığında
“Günəşin yaxınlığında yadplanetlilərin stansiyası var” – bu iddianın müəllifi də Skott Varinqdir. O, bu obyektin Ay böyüklüyündə olduğunu deyib.
Azərbaycan iddiası
Əlbəttə, hər ölkədə olduğu kimi Azərbaycanda da, yadplentlilər və UNO-larla bağlı iddialar var. Bu iddialardan birinə görə, yadplanetlilərin dünyadakı yeganə bazası Bakı şəhəri yaxınlığında – Xəzər dənizində yerləşir. Hətta ara-sıra UNO-ların Xəzər üzərində göründüyü iddia edilsə də, bu, öz təsdiqini tapmayıb.(Teleqraf.com)