“Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq.
Hər bir sökünütüdən sonra onlarla narazı vətəndaş olur və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə – dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaş, sahibkar və qapısı döyülən dövlət orqanları var. Onların Parlamentdən də gözləntiləri var”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat köçürmələrin yaratdığı ən böyük problemlərdən danışıb:
“Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir.
Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 km kənarda isə ciddi problemlər yaranır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”.
R.Nurullayev təklif edib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə vermək mümkündür:
“Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədlər üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin.
Doğrudan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur. Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzunmüddətli olmasının qarşısını almaq üçün də lazım gələrsə qanunvericiliyə dəyişikliklər edək.
Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhvə verə bilərik. Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.