Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdirbackend

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır

Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar və elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində əksər sahələrdə dinamik inkişaf təmin edilmiş və qısa müddət ərzində çox böyük nailiyyətlər əldə edilmişdir. İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regional inkişaf haqqında Dövlət Proqramının qəbul edilməsi və s. kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir.

İnfrastruktur dedikdə kompleks sahələrin istehsala xidməti (köməyi) nəzərdə tutulur. Bu mənada ümumilikdə milli iqtisadiyyatın inkişafına xidmət edən sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. sahələri ölkənin infrastruktur sahələri kimi qəbul etmək olar. Eyni zamanda, konkret olaraq istər sənaye və kənd təsərrüfatının, istərsə də nəqliyyat sektorunun birbaşa özünə aid olan infrastruktur sahələri mövcuddur. Məsələn, yollar, limanlar, yükləmə-boşaltma məntəqələri, yol evləri, yanacaq doldurma məntəqələri və s. nəqliyyat infrastrukturlarına aiddir. Bu məqalədə də məhz nəqliyyat sektorunun, eləcə də onun infrastruktur sahələrinin inkişafı istiqamətində son illər həyata keçirilən layihələr nəzərdən keçiriləcək, təhlil olunacaq və bütün bunların Azərbaycanda turizmin, xüsusilə kənd turizminin inkişafına təsir istiqamətləri araşdırılacaqdır. son illər sürətlə dəyişən Azərbaycan Respublikasında yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır. Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.

Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard manat təşkil etmişdir. 2008-ci ildə isə infrastruktur layihələrin həyata keçirilməsinə 3 milyard manatın ayrılması Azərbaycan hökumətinin bu sahədə yeniləşməyə xüsusi diqqət yetirdiyini sübut edir. Məqsəd Bakı və onun mərkəzi ilə yanaşı, ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev son 10 ildə infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirib: “Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır”.

Müasir standartlara cavab verən nəqliyyat sistemi yaradılıb.

Nəqliyyat sektoruna yatırılan investisiyaların artması xüsusilə 2006-cı ildən etibarən başlanıb. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xarici kreditlər də cəlb edilib. Nəqliyyat sektoruna yatırılan investisiyalar 2009-cu ildə ölkə iqtisadiyyatına bütün kapital qoyuluşlarının 23,8 faizini təşkil edib. Bu investisiyaların 85 faizi avtomobil yollarının, körpülərin, piyada keçidlərinin və s. tikintisi və yenidən qurulmasının payına düşüb.

Bütövlükdə, regionların inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə qəbul edilmiş Dövlət proqramlarına əsasən yol-nəqliyyat kompleksinin – dəmiryolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə mühüm işlər görülüb. 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş 2 Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub. Bundan əlavə, 400 kilometrdən çox dəmiryolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Bu dövr ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub.

7 min əhalinin yaşadığı və beş yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası avtomobil yolunun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu olan bu yol dördüncü texniki dərəcəlidir və iki hərəkət zolaqlıdır. İnşası başa çatmış yollardan biri də Qarıkənd-Miskinli-Çalburun avtomobil yoludur. Uzunluğu 16 kilometr olan bu yol da iki hərəkət zolaqlıdır. Kənd əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcək. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə gətirib çıxarır. Prezident İlham Əliyevin adı çəkilən rayonlara səfəri bölgələrimizin davamlı inkişaf etdiyini və sosial-iqtisadi layihələrin uğurla icra edildiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

Məleykə Abışova Seyran qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti