“Bu günə qədər çayı üfürə-üfürə içirəm. Addımlarım o qədər çətin olub ki, indi bu yerdə olmağım mənim üçün böyük bir uğurdur, hər gün Allahıma təşəkür edirəm. Allah uzaq etsin, bu yerdə olub, səhv addımlar atmaq bizə yaraşmaz. İstər həyatımızda, istər sənətimizdə zərərli vərdişlərdən uzağam. Günah edərəm, Allahın mənə verdiyi bu qədər uğurun qarşılığında. Mənə bu qədər qapılar açdı, yüksəkdə oturub başlayım günahlar edim, bu heç vaxt mənə yaraşmaz”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Üzə-düz” verilişində deyib. Sənətçi bildirib ki, hər zaman həmkarları ilə rəqabət aparıb:
“Bir insan yaxşı iş görəndə baxıram ki, daha çox sevgi, rəğbət alır. Bu məni sevindirir ki, rəqabət yaranır. Deyirəm, qoy birini də mən edim. Amma rəqabət yoxdur təəssüf ki, sıfra bərabərdir. Heç bir sənət dostumun xətrinə dəyməsin. Öyünmürəm, məni də həvəsləndirən yoxdur. Hamı çəkilib kənara toyum var, daha bəsdi. İş görən çox az sənətçi var, 1, ya 2. Hamı deyir elə 1 mahnı oxuyum vəssalam. Həvəs də yoxdur, bilmirəm niyə”.
Oğlu Zeyndən danışan Zamiq ona hər şeyə icazə vermədiyini söyləyib:
“Mənə çox oxşayır. Asta-asta formalaşır. Baxıram ki, xasiyyəti, küsməyi hər şeyi eynilə mənəm. İnsanlara tez yaxınlaşmır, əvvəl ehtiyat edir. Gərək bir neçə saat keçsin. Həmin adamı 2-3 gün görsün ki, yaxınlaşa bilsin. Görünüşcə də, bənzəyir. Anam deyir ki, ona baxanda elə bilirəm səni görürəm. Musiqi duyumu çox yaxşıdır. 2 yaşı var, notları elə düz oxuyur ki… Əsas odur ki, gələcəyi yaxşı olsun, ağıllı olsun. Çalışdığım qədər Allah mənə can sağlığı versin ki, ona yaxşı təhsil verə bilim. Özümdə yarım qalan, edə bilmədiyimi onda etmək istəyirəm. Ata olandan sonra valideyn olmağın dəyərini bildim. Zeyndən sonra valideynlərimi ikiqat çox istədim. Tələbkar valideynəm. Onun hər dediyinə razı olmayacam. Hər istədiyini almaq olmaz, çünki onda sağlam böyüməyəcək”.
Geyim tərzi ilə bağlı suallara Zamiq “Mənim ailə tərbiyəm var, oturuşumu-duruşumu bilən adamam. Bu günə qədər də kimsə o barədə mənə irad tuta bilməz. Səhnə, geyimə qaldıqda isə yerimi, çərçivəmi də bilirəm, dostlarımı da tanıyıram. Harda yaşadığımı da bilirəm. Səhnə adamısan, seçilməlisən. Kimsə artıq nəsə edirsə, özü bilər. Sırğa taxırsa, bu onun seçimidir. Mənim nəyimə lazım? Dünya ulduzları, Ronaldo sırğa taxır, amma onu bizimkilər etsə, pis baxırlar. Sənət adamı formada olmalıdır. Sosial şəbəkədə təhqir yazan insanları da normal qəbul edirəm artıq. Onlar da bunun üçün yaranıb yəqin, həmişə olacaqlar. Sənətçi, sima əlçatmaz olmalıdır. Arada olmamalıdır, hər şeyin yeri olmalıdır” cavabını verib.