Şou- biznesimizin məşhur CİNAYƏTKARLARI. Müğənni Fədayə Laçın və digər məşhurların cinayətləri-VIDEObackend

Bu kainatda mövcud olan hər bir insan başına gələ biləcək pis hadisədən sığortalanmayıb. Hər kəsi istər yaxşı, istərsə də neqativ bir hadisə gözləyə bilər. Və gözləyir də…

Elə Azərbaycanın şou biznesində məşhur olanların arasında da neqativ hadisələrdən yayına bilməyənlərin sayı kifayət qədərdir. Bu dəfə hazırladığım videoda Azərbaycanın həbs edilən məşhurlarının cinayət hadisələrindən danışacam.

İlk olaraq həbsdə olan və bu yaxınlarda azadlığa buraxılacağı deyilən məşhur müğənni Fədayə Laçından danışmaq istərdim.1977-ci il təvəllüdlü müğənni Fədayə Laçın, yəni Məmmədova Fədayə Baris qızı mütəşəkkil dəstənin üzvü kimi cinayətkar aləmdə “Qoca” ləqəbi ilə tanınan dustaq Etibar Məmmədovun 23 oktyabr 2017-ci ildə həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq 30 oktyabr 2017-ci il tarixində həbs edilib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta Bakı İstintaq Təcridxanasına gətirilən, qəsdən adam öldürməkdə təqsirləndirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov 23 oktyabr 2017-ci il tarixində səhər saatlarında Biləcəri stansiyasında qatardan qaçıblar.Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başladılan cinayət işinə əsasən həmin qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov eləcə də digər təqsirli bilinən şəxslər, həmçinin dustaqların qaçmasına kömək etməkdə ittiham olunan müğənni Fədayə Laçın həbs edilib.

Qeyd edək ki, qatardan qaçan Əli Ağami sonradan Şirvan şəhərində tutularaq istintaqa təhvil verilsə də, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov saxlanılan zaman polislə atışmada öldürülərək zərərsizləşdirilib.
Fədayə Laçın cinayət məcəlləsinin 304. 2.1, yəni qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Məlumatlara görə hadisəyə qədər müğənni Fədayə Laçın bir neçə il sevgili olduğu Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verərək dustaqların qaçmasına yardım edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə keçirilən məhkəmənin yekunu olaraq hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və məhkəmənin hökmü ilə müğənni Fədayə Laçın 5 il, digər təqsirləndirilənlər isə bir neçə illik azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası bir neçə gün əvvəl başa çatıb. Verilən qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.
Yəni 2017-ci il oktyabrın 30-da həbs edilən müğənni Fədayə Laçının cəzası 28 oktyabr 2019-cu il tarixində başa çatır.Azadlığa çıxandan sonra isə yaqin ki, müğənni Fədayə Laçın ötən il məhkəmədə son söz deyən zaman verdiyi sözü yerinə yetirəcək.

“Əhd eləmişəm ki, azadlığa çıxsam şəhidlər xiyabanına gedib, 20 yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla “yasin” oxuyacam.

***
Keçid alıram bu yaxınlarda azadlığa çıxan digər məşhur xanıma. Bu prodüser Təranə Səmədovadır. Maraqlı məqam isə onun da Fədayə Laçın kimi oktyabrın 30-da həbs olunmasıdır. İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində başladılmış cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsində 30 oktyabr 2018-ci il tarixində iclas zalındaca həbs olunub. Qoluna qandal vurulan Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. Özünü təqsirli hesab etməyən prodüser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti verib. Keçirilən bir neçə məhkəmə prosesinin sonu olaraq isə prodüser Təranə Səmədova 6 may 2019-cu il tarixində azadlığa buraxılıb.

***
Bu yaxınlarda ölüm xəbəri çıxan müğənni Maral Tahirqızı vaxtıilə həbsdə yatmış növbəti məşhurumuzdur. Hazırda sağ-salamat olan Maral Tahirqızı Təranə Səmədovanın təqsirli bilindiyi cinayətə oxşar faktda ittiham olunaraq bir neçə illik dəmir barmaqlıqlar arxasına göndərilib. O, 18 may 2015-ci il tarixində cinayət məcəlləsinin 244.2.1-ci, yəni təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinirək elə Xətai Rayon Məhkəməsinin zalındaca həbs edilib. 3 illik azadlıqdan məhrum edilən Maral Tahirqızı cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl yəni 2017-ci ilin oktyabr ayında azadlığa çıxıb. 2 illik həbsxana həyatından sonra Maral Tahirqızı yenə də öz fəaliyyətindədir, yəni müğənniliyində. O, biri məsələlərin nə yerdə olmasından isə xəbərim yoxdur…

***
Məhkəmə zalındaca həbs edilən digər məşhur, rejissor Aqil M. Quliyevdir. Məlumata görə Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M.Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib. Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun Aqil M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar tanınmış rejissor tərəfindən icra olunmadığından cinayət məcəlləsinin 306.1-ci, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsində cinayət işi əsasında məhkəmə prosesinin sonu olaraq tanınmış rejissor Aqil M.Quliyev məhkəmə zalında 1 il 6 aylıq həbs edilib. Dəmir barmaqlıqlar arxasına göndərilən rejissor qərardan apelyasiya şikayəti verib. Sonradan apelyasiya məhkəməsi Aqil M.Quliyev barəsində cərimə cəzası tətbiq edib və o, bir müddətlik həbsxana həyatından qurtularaq azadlığa çıxıb.

***
Azadlığının bir neçə ilini həbsxanada keçirən daha bir məşhur, aparıcı İlham Mirzəyevdir. Məşhur aparıcı 11 aprel 2014-cü ildə dələduzluqda ittiham olunaraq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Daxili İşlər Nazirliyi teleaparıcının bəzi insanları aldatdığı üçün həbs edildiyini təsdiq edəndən sonra aparılan istintaq araşdırmalarının nəticəsi olaraq, el arasında baxıcı kimi də tanınan məşhur aparıcı İlham Mirzəyev 3 il 6 aylıq azadlıqdan məhrum edilib. Ömrünün 2 ilini həbsxanada keçirəndən sonra aparıcı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azadlığa buraxılıb.
Xatırladım ki, İlham Mirzəyev Space telekanalında “Etiraf” verilişinin aparıcısı olmaqla yanaşı “İlhammed” klinikasının da rəhbəri kimi çalışıb.

***

Meyxanaçı Mahir Cürət də həbsxana həyatı yaşayan məşhurlardandır. Daxili İşlər Nazirliyinin məlumatına görə meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib. O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. 1 il 3 ay məhkumluq həyatı yaşayan meyxanaçı 2017-ci ildən azadlıqdadır.

Allah heç kimin yolunu bu həbsxanalardan salmasın. Ona görə də kimliyinizdən və ya statusunuzdan asılı olmayaraq çalışın cinayətdən və cinayətkarlardan hər zaman uzaq olun.