Strateji əhəmiyyət daşıyan logistik layihələrbackend

Logistika və ticarət sahəsi bütün sektorların inkişafında bünövrə rolunu oynamaqla, əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasında və gəlirliliyin artırılmasında mühüm rol oynayır. Azərbaycanda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulan logistika və ticarət sahəsində regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, dünyanın ən qabaqcıl təcrübələrinə dair nümunələrə əsaslanan tranzit ticarətindən yüksək gəlir əldə etmək məqsədilə əlavə dəyər yaradan xidmətlər təmin olunacaqdır.

Azərbaycanın coğrafi mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına imkan verir. Ölkənin logistika aktivlərinin daim inkişaf etdirilməsi onun regional və beynəlxalq ticarətdə rolunun artmasına təkan verəcəkdir. Belə ki, həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. Yeni liman və dəmir yolları ilə bağlı bir sıra mühüm infrastruktur layihələri artıq yekunlaşmaq üzrədir. Bu aktivləri və üstünlükləri nəzərə alaraq, Azərbaycanın ərazisində intermodal və multimodal (müxtəlif nəqliyyat növlərinin ehtiva edilməsi) logistika infrastrukturunun yaradılması vasitəsilə ticarət həcminin artırılması, tranzit ticarətindən daha çox dəyərin əldə edilməsi və logistika sahəsində özəl sektorun iştirak səviyyəsinin artırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə qonaq qismində iştirak edib. Ölkə başçısı öz çıxışında bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar vardır.
Prezident İlham Əliyev iştirakçı dövlətlərin başçılarına məlumat verib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü irəli sürülüb.
Hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi son iki ildə işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.
Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim müstəqil xarici siyasət kursunu uğurla həyata keçirməyə tam şəkildə imkan verir. Təxminən dörd ildir ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir.
Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində olub. Cənab Prezident növbəti dəfə ölkəmizin iqtisadi imkanlarını və sülhsevər siyasətini toplantıda iştirak edən dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı, həmçinin həmkarı ilə görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaqdır.

Nəsimi rayon 1 nömrəli tam orta məktəb Babayev Sadiq