Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Bu tarix həm də Qubadlı Şəhəri Günü kimi qeyd ediləcək. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir.
Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb. Prezident İlham Əliyev də Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlı ictimaiyyəti ilə görüşündə bu məqamı xüsusi vurğulamışdı. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi, beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər irəlidə idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyəti ilə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.
Deputat Vətən uğrunda canını fəda edən igidlərin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqı, indiki və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayıb. Artıq Qubadlı şəhərində və bir sıra kəndlərdə bərpa işlərinin təməli atılıb. İşğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlət başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama – işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərinə xüsusi önəm verilir. Digər tərəfdən, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər. Eyni zamanda, Qubadlı rayonu ərazisindən Bazarçay və Həkəri çayı keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları gələcəkdə yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi, Qubadlı da cənnətə çevriləcək.
Fatma Yıldırım qeyd edib ki, postmüharibə dövründə Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edir. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Böyük Qayıdış layihəsi ilə Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, layihə çərçivəsində genişmiqyaslı işlər sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız tarixi Zəfərlə Azərbaycan daha da güclü və qüdrətli dövlətə çevrilib. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu, dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirir. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin may ayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Böyük Qayıdış Proqramının birinci mərhələsi çərçivəsində minlərlə Qubadlı sakini dogma torpaqlarına qayıtmaq sevincini yaşayacaq.