-Sevinc xanım, artıq yola salmağa hazırlaşdığımız 2024-cü il qlobal miqyasda bir sıra mühüm siyasi, iqtisadi və geostrateji reallıqlarla yadda qalacaq. Mövcud gerçəkliklər Azərbaycanın timsalında nəyi ifadə edir?
– Ötən illər olduğu kimi, 2024-cü il də ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqın rifahının daha da artırılmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanmışdır. Mütəmadi olaraq həyata keçirilən sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı məhz bu siyasətin tərkib hissəsidir. Hər il olduğu kimi, cari ilin ötən dövründə də Azərbaycanın iqtisadiyyatında ciddi artım qeydə alınmışdır. İşğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulmuş və bu proses hazırda uğurla davam etdirilir. Dövlət başçısının əsas prioritetlərindən biri şəhid ailələrinə və qazilərə hərtərəfli qayğının təmin edilməsi ilə bağlıdır. Şanlı 44 günlük Vətən müharibəsindən sonra bu kateqoriya aid ailələrə çoxsaylı mənzillər verilmiş, sosial proqramlar həyata keçirilmişdir. Həmçinin, ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrində uğurlu nəticələr əldə olunub ki, bu da dövlətin xalqın rifahına olan diqqət və qayğısının bariz nümunəsi hesab edilir.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri kimi tarixə düşdü. Bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevə və dövlətimizə olan inam və etimadın bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir idi. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti təzahürü oldu.
Başa çatmaqda olan 2024-cü ildə Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirdi. Bu xüsusda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi növbəti tarixi uğur hesab olunur. Məhz 19 dekabr 2024-cü il tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə göstərilən dəstək səmimi dostluğun və əməkdaşlığın bariz nümunəsidir. Cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident və parlament seçkiləri mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması fonunda baş tutan Zəfər seçkisi yaddaşlara əbədi həkk olundu. 2024-cü ilin fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi xalqımızın öz Liderinə etimadının, sevgi və məhəbbətinin növbəti təzahürü oldu. 2024-cü ilin sentyabrın 1-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi də mühüm tarixi hadisədir. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri kimi şanlı tariximizdə öz yerini tutdu. Beləliklə, Azərbaycanda ilk dəfə prezident və parlament seçkiləri işğaldan azad edilmiş bölgələrimiz daxil olmaqla ölkəmizin bütün ərazilərində keçirildi.
Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olması, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak etməsi olduqca önəmli hadisələr kimi cari təqvimə daxil olub. Bu xüsusda dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Xocalı Soyqırımı Memorialının təməlini qoyub. 2024-cü il yaddan qalan hadisələrindən biri də Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə dövlət başçısının görüşü olub. Sentyabrın 20-də – Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, həmçinin müəllim və tələbə heyəti ilə görüşüb.
Sözsüz ki, çox önəmli beynəlxalq tədbirlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən qeyri-rəsmi iclası idi. Bu, TDT-nin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ torpağında baş tutan ilk yüksəksəviyyəli toplantısı olub. Bu mənada 2024-cü il Azərbaycan üçün Prezident İlham Əliyevin Liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixmizə düşəcək.
– Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə xarici siyasətin mühüm istiqamətləri, Azərbaycanın Rusiya və Türkiyə ilə əməkdaşlığı, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunması, 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlar və digər məsələlər öz əksini tapdı. Dövlət başçısının səsləndirdiyi fikirlər hansı reallıqları ifadə edir?
– Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində mühüm məqamlara toxunub. Dövlətimizin başçısı Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən bəhs edib. Regionda və bütövlükdə, dünyada dəyişən vəziyyətin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyi bildirilib. Azərbaycan Prezidenti növbəti dəfə özünün dərin zəkası, diplomatik bacarığı ilə regionda və qlobal miqyasda baş verən proseslərin dərin qatlarında hansı hadisələrin cərəyan etməsini nəzərə çatdırıb. Azərbaycanla Rusiya arasında olan dərin münasibətlərin xarakteri önə çəkilib. Bir daha regionda və qlobal miqyasda sülhə, sabitliyə ehtiyacın olması mesajı çatdırılıb. Həmçinin, müsahibədə ölkəmizin qardaş Türkiyə ilə tarixi sarsılmaz bağlarına diqqət çəkilib. Azərbaycanın hər zaman sülh tərəfdarı olduğu, İkinci Qarabağ müharibəsindən sonra bölgədə sabitliyə ehtiyacın yarandığı bildirilib. Lakin Ermənistan sülh prosesində konstruktiv addım atmaqda çətinlik çəkir. Çünki Fransa kimi dövlətlər bölgədə sülhün pozulmasına xidmət edən addımlar atmağı təşviq etməklə rəsmi İrəvanı təxribata yönəldir. Fakt odur ki, bu gün Ermənistan Fransa, Yunanıstan, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılır ki, bu da bölgə üçün yeni risklər yaradır. Məhz müsahibədə Ermənistanın bu gün daha çox silahlanmasına adekvat olaraq Azərbaycanın da özünün hərbi gücünü artırdığı vurğulanıb. Dövlətimizin başçısı həm də Avropa İttifaqının Ermənistan ərazisindəki “missiyasının” fəaliyyətinə, Fransanın neokolonializm siyasətinin mahiyyətinə toxunub. Amma bütün bunlara baxmayaraq regionun, ümumilikdə isə dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacının olduğu bir daha bəyan edilib.
Dövlət başçısı, həmçinin Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesi ilə bağlı danışıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planı rəsmi olaraq dərc edilib. Amma erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlər uğursuz olub. Çünki o vaxt mövcud olmuş separatçı rejimin təzyiqləri və digər amillər bu prosesə əngəl yaradıb. Sözsüz ki, uzun illər onların beyinlərinə yeridilmiş yanlış ideologiyanın da burada təsiri olduqca böyükdür.
Prezident İlham Əliyev, həmçinin müsahibəsində Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edildiyini vurğulayıb. Qeyd olunub ki, Qərbi Azərbaycan İcmasının tarixi ata-baba yurduna qayıtması, orada yaşamasının təmin edilməli olduğu beynəlxalq hüquqda əksini tapır. Dövlət başçısı, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, azad edilmiş ərazilərimizdə reallaşdırılan yenidənqurma layihələrində dost və tərəfdaş dövlətlərin də iştirakı sevindirici haldır. Bu Ermənistanın 30 il dağıdıb viran qoyduğu ərazilərin qısa zamanda bərpasına təkan vermiş olacaq.
Cənab İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Azərbaycan COP29-da çox böyük təşkilati iş gördü və dövlətimiz bunun öhdəsindən şərəflə gəldi. Bu mənada COP29 həm Azərbaycan, həm də dünya tarixinə mühüm mərhələ kimi daxil oldu. Ölkəmizin COP29-a ev sahibliyinə qarşı qısqanclıq, qarayaxma və onun keçirilməsinə müxtəlif üsullarla kölgə salmağa çalışanların niyyəti baş tutmadı.
– Yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan öz inkişaf strategiyası ilə fərqlənir. Strateji kursun yeni paradiqmaları, xüsusilə də “yaşıl enerji” siyasəti beynəlxalq miqyasda diqqətlə izlənilir və maraqla qarşılanır…
– Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mühüm önəm kəsb edir. Çünki bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Eyni zamanda, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Həmçinin, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Bu baxımdan Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Təbii ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də dövlətimizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi idi. Məhz yüksək səviyyədə keçirilən COP29 tədbirləri də bunu bir daha təsdiq edir.
2024-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi olmuşdur. Həmçinin, 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanması da beynəlxalq tərəfdaşların bu sahəyə cəlbinə yönəlmişdir. Bütün bunların fonunda ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələrlə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə “yaşıl enerji”nin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olmuşdur. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilmişdir. Azərbaycan, həmçinin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləyir. Bütün bunlar yeni dövrümüzün reallığı olmaqla yanaşı, iqtisadiyyatın inkişafında yeni mərhələ hesab olunur.
Müsahibimiz YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova