Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunan “Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə əvvəlcə Vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub,Dövlət Himni səsləndirilib, Qərbi Azərbaycan və Sumqayıta dair videoçarxlar nümayiş etdirilib.
Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova açılış nitqi ilə çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib.
Sonra Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək bildirib ki, istər 1948-1953, istərsə də 1987-1991-ci illərdə qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunarkən ilk pənah apardıqları ünvanlardan biri də Sumqayıt şəhəri olub.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov, şair Əvəz Mahmud Lələdağ çıxışlar edərək Sumqayıt şəhərinin inkişafında və tərəqqisində bir çox regionlardan olan insanlar kimi, qərbi azərbaycanlıların da xüsusi rolunun olduğunu bildiriblər.
Tədbirin sonunda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır”-deyə Zakir Fərəcov vurğulayıb.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.