Bəzi hallarda çəkisi normadan çox olan şəxslər “sümüyüm ağırdır” yanaşması ilə tərəzidə görünən rəqəmlərə əhəmiyyət vermirlər. Yəni onlar bir növ artıq kiloya “bəraət” qazandırırlar.
Maraqlıdır, “sümük ağırlığı” çəkidə nə dərəcədə rol oynayır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “sümük ağırlığı” ifadəsinin düzgün olduğunu, bu baxımdan insanların fərqli şəkildə çəki verməli olduqlarını deyib:
“Genetik olaraq hər insanın əzələsi, skelet quruluşu, vücud ölçüsü fərqlidir. Ona görə də bir çox hallarda boya, yaşa görə olan çəki standartı hər kəsə şamil edilməli deyil. Məsələn, 50 kq iki insanı yan-yana qoysaq, görüntülər çox fərqli ola bilər. Onlardan biri kilolu, digəri isə normal çəkidə görünə bilər. Bu baxımdan “sümüyüm ağırdır” yanaşması ilə razıyam. Lakin bu, o demək deyil ki, pəhrizdə olarkən sadəcə bu faktoru nəzərə almaq lazımdır. Çünki sümük ağırlığına görə yağ, əzələ kütləsi fərqli olmalıdır. Sümüklərin ağırlığını nəzərə almadan çəki verdikdə bir çox hallarda böyük problemlər yaranır. Hər bir orqanizmin vücud enerjisini təmin edən normal çəkisi olmalıdır. Buna görə hər bir halda çəkidən öncə sağlam həyat tərzinə diqqət yetirməliyik. Belə ki, gündəlik sağlam qidalar qəbul etməli, normal yuxu rejiminə önəm verməliyik. Yalnız bu halda orqanizm sağlam ola bilər”.