Milli Məclislə yanaşı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində də 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb. Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasa Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edib. Ancaq iclasın gündəliyində Ali Məclisə sədr seçilməsi məsələsi yer almayıb.
Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Ali Məclis sədrinin müavininin seçilməsi isə çətinlik yaratmayıb. Arzu Abdullayevin namizədliyi dəstəklənib və səsvermə nəticəsində o, Ali Məclis sədrinin müavini seçilib.
Sədrin səlahiyyətlərini isə birinci müavin seçilmiş Bəxtiyar Məmmədov icra edir. Muxtar respublikanın konstitusiyasında sədrin seçilməsi ilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, Bəxtiyar Məmmədov bu tələbə cavab vermir.
Yada salaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 – aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 – 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci ilin iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.
“TNS” İnformasiya Agentliyinin direktoru, əslən Naxçıvandan olan jurnalist Tural Səfərov hələ də Naxçıvan Ali Məclisi sədrinin müəyyən edilməməsinin konstitusiyaya zidd olduğunu qeyd etdi: “Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov 2022-ci ilin dekabrında istefa verib. İstefadan sonra bu vəzifəni sədrin keçmiş birinci müavini Azər Zeynalov və müavini Anar İbrahimov icra ediblər. Ötən il sentyabrın 1-də keçirilən seçkilərdən sonra Bəxtiyar Məmmədov Ali Məclisin deputatı və sədrin birinci müavini seçilib. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini Bəxtiyar Məmmədov icra edir. Ali Məclis sədrinin seçilməməsi bir sıra ciddi suallar yaradıb. Bəxtiyar Məmmədov Naxçıvan Konstitusiyasındakı tələbə görə Ali Məclisin sədri seçilə bilməyib.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclisin sədrliyinə muxtar respublikada ən az 5 il daimi yaşamış deputatların namizədliyi irəli sürülə bilər. Ali Məclis sədrinə dair tələblər muxtar respublika konstitusiyasının 29-cu maddəsində təsbit olunub. Orada qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ali Məclis tərəfindən seçilir. Sədr ona tabedir və hesabat verir. O, Ali Məclis tərəfindən geri çağırıla bilər. Göstərilib ki, muxtar respublika ərazisində 5 ildən az olmayaraq, daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi, ikili vətəndaşlığı olmayan ali təhsilli hər bir deputat Ali Məclisə sədr seçilə bilər. Buradan aydındır ki, şəxs Ali Məclisin deputatı olmalıdır, muxtar respublikada daimi yaşamalıdır. Yəni o şəxs sədr seçilə bilər ki, seçilən günə qədər Naxçıvanda ən az 5 il daimi yaşasın. Həmin şəxsin daha əvvəl yaşadığı müddət bu tələbə daxil deyil. Həmin müddət şəxsin seçildiyi günə qədər olan müddətdir. Onun seçilənə qədər muxtar respublikada 5 il yaşaması təsdiq olunmalıdır. Yalnız bu halda Ali Məclis sədri seçilə bilər. Başqa hallarda, o cümlədən 5 ildən az müddətdə orada yaşayıbsa, Ali Məclis sədri ola bilməz.
Bu zaman belə bir sual yaranır: əgər Bəxtiyar Məmmədov Ali Məclisin sədri ola bilməzsə, Ali Məclisin sədri vəzifəsini necə icra edə bilər? Fikrimcə, onun sədr vəzifəsini icra etməsi konstitusiyaya ziddir. Ümumiyyətlə, indiyədək Ali Məclis sədrinin seçilməməsi də konstitusiyaya ziddir”.