Tamam Cəfərova qanunun tələblərini kobud şəkildə pozdu — FOTOFAKTbackend

Sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

Məlumdur ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən aparılmalıdır. 88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Cəfərova Tamam Şaməmməd qızı Seçki Məcəlləsinin tələblərini pozaraq təbliğat-təşviqat kampaniyasının qanunazidd aparılması hallarına yol verib.

Belə ki, o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının akt zalında xəstəxana kollektivi ilə görüş keçirmiş, təbliğat-təşviqat materiallarını kollektiv üzvlərinə təqdim etmiş, məlum görüşün görüntülərini 24.08.2024-cü il tarixində sosial media hesablarında paylaşıb.

Bəs qanun nə deyir?

Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinə əsasən vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilmişdir. Bundan başqa Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması halları müəyyənləşdirilmiş və bunun nəticəsində Şeçki Məcəlləsinin 69.4-cü bəndinə əsasən bərabərlik prinsiplərinin pozulması  müəyyənləşdirilib.

Əlavə olaraq Seçki Məcəlləsinin 55.2.1-ci maddəsinə görə tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək həmin məcəllənin 55.2-ci bəndinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə hallarına gətirən mövqe kimi qiymətləndirilir.

Belə olan halda namizədi nələr gözləyir?

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinin qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir.