Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.
Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. AÜF-ün prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T.Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, T.Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.