Tanınmış jurnalist Sumqayıt səhiyyəsini yıxıb-sürüdü -FOTObackend
Tanınmış jurnalist Samir Əli Sumqayıt səhiyyəsinin sərt tənqid edib.

Den.az xəbər verir ki, jurnalistin özü bu barədə facebook sosial media hesabında paylaşım edib.

Bildirib ki, Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV OLUB.

Paylaşımını olduğu kimi təqdim edirik:

Sumqayıtın səhiyyəsi, tibbi xidməti MƏHV OLUB. Olmaqdadır yox ha, olub. Özü də indi yox, neçə ildi. Özü də aşağı səviyyədə yox, tam yüksək səviyyədə, rəhbərlik səviyyəsində. Deməli belə. 3 gün əvvəl doğma dayım evində qəfil halı pisləşib. Təcili yardımla gətirmişik Sumqayıt Tibb Mərkəzinin 1 saylı şəhər Xəstəxanasına. 1 saylı haaaaa, şəhərin birinci ən “yüksək texnologiyalı”xəstəxanasına. Bir sutka xəstənin dərdi tapılmadı. Bir sutkadan sonra KT və MRT olunandan sonra dedilər ki, bəs yüksək riskli infakt xəstəsidir, reanimasiyada qalmalıdır. Bir sutkadan sonra kişi gözünü açan kimi dedilər ki, yaxşıdı, köçürün palataya.

Sumqayıt Tibb Mərkəzinin rəhbəri, hansısa xidmətlərinə görə Cəlilabaddan Sumqayıta transfer olunmuş Elnur Azadxanovdan xahiş etdik ki, xəstəni normal şəraitlə təmin etməyə kömək eləsin. Düşündüm ki, Sumqayıt səhiyyəsinin başında dayanan bir şəxsə xahiş olunubsa, maksimum normal şəraitli palata olacaq, normal da tibbi personal xidmət edəcək xəstəmizə. Axşam eşitdim ki, dayımı Sumqayıt Tibb Mərkəzinin rəhbəri tapşırdığı üçün xəstənin vəziyyətinin ağır olduğunu da nəzərə alıb, yerləşdiriblər düz ayaqyoluna bitişik palataya. Və bir də bizə “bonus” da veriblər-ağır xəstə 4 nəfərlik, şəraitsiz bir palatada, epilepsiya xəstələrinin dayanmadan zarıdığı otağa gətirib atıblar. Palata əməlli kanalizasiya iyi verir. Bu hələ harasıdır. Ağır, bir tərəfi insultdan hərəkət etməyən xəstənin yanına xəstə yaxınlarını sutkada cəmi 3 saat-17:00-20:00 radələrində buraxılırlar. Dedilər ki, bu xəstəxananın qaydalarıdır, razılaşdıq.

Dedilər ki, xəstəyə özümüz gündə 3 dəfə yemək veririk və 24 saat nəzarətdə saxlanılır. Saf uşaq kimi biz də inandıq. Axı bizim xəstəni Sumqayıt Tibb Mərkəzinin rəhbəri tapşırıb, bizim xəstəyə super qulluq olunacaq. Deməli, dünən dayımın təzyiqi qəfil yüksəlib. Palatada isə o birilərə baxanda, ən sağlam xəstə dayımdır. Ən azından özünü idarə edə bilir. Dayım yarım saata yaxın palatadan çağırıb, bir nəfər nə həkim, nə tibb bacısı, cəhənnəmə heç xadimə də səsinə səs verməyib. Çarəsiz qalan dayım palatadan çıxıb həkim çağırdığı vaxt təkrar insult keçirib, yıxılıb. Xəstə yarım saata qədər tualetin qarşısında, yerdə uzanıqlı vəziyyətdə qalıb. Sağ olsun, hansısa ağır xəstənin yanına gələn ziyarətçi dayımı koridorda uzanmış vəziyyətdə görüb, palataya gətirib.
Xəbəri eşidib dərhal xəstəxanaya yollandım. Dayımın vəziyyəti nisbətən normallaşsa da, nə bir həkim, nə də tibb bacısı yox idi. Təxminən 4 saat xəstənin yanına qalmışıq, azı 10 nəfər qohumlar. Bir nəfər xəstəxana işçisi görüb palataya yaxınlaşmadı ki, bu palataya 10 nəfər birdən niyə gəlib? Bəlkə xəstə ölüb? Yalnız axşam saat 20 :00-da xəstəxananın mühafizəçiləri gəldi ki, görüş vaxtı başa çatıb, xahiş edirik, palatanın tərk edin.
Palatadan çıxıb Elnur Azadxanova məlumat verdik. Elnur Azadxanov götürüb zəng vurub xəstəxanabaşı Mətləbə. Elnur Azadxanovun zəng vurması həmin bu baş xəstəxanabaşı Mətləbin çestinə dəyib. Mətləb dayanma dur, hücum elə birbaşa palatada bizim xəstəyə və qohumlarıma ki, siz niyə Azadxnova şikayət etmisiniz. Deyib ki, siz kim olmusunuz ki, sizə xüsusi xidmət olunsun? Olanımız budur, istəmirsiniz, götürün xəstənizi də, çıxın gedin.
Mətləb doxturun hərəkətindən belə anlaşılır ki, bu xəstəxananın yiyəsi odur, kimi hara, necə istəyir, elə də yerləşdirir. Qohumlar da sakitcə dayanıblar ki, baxma da, baş xəstəxanabaşıdı, bir az da əsəbiləşdirərik, xəstəni götürər pəncərədən atar. Yəni baş həkimlərdə elə səlahiyyət də var axı, dövlət xəstəxanasını şəxsi mülkləri kimi hesab edirlər. İndi çarəsiz vəziyyətdə qalıb, xəstəni çıxarıb aparırıq özəl tibb müəssisəsinə. Başqa çarəmiz yoxdu. Sabah xəstəmiz  orada dünyasını dəyişsə, deyəcəklər ki, ürək tutması, nəfəs çatışmazlığı yarandı, həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas edə bilmədik. Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin “səyi” min bir kiçik hissəsini yazdım sizə. Qalanını özünüz fikirləşin.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!