Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs dələduzluqda da ittiham olunurbackend

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İttihama görə, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə öz qulluq səlahiyyətlərindən istifadə edib. Şəxsi niyyəti üçün rəsmi sənədləri saxtalaşdıraraq qulluq mövqeyindən istifadə edərək dələduzluq edib. Kənan Rəsulovla əlbir olaraq Salyan şəhərində Yenikənd və Pampıqkənd kəndləri ərazisində ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən tərəvəz yetişdirilən istixana üçün “Avropa Yenidənqurma və İnkişaf Bank” 2 milyon dollar kredit alaraq sonuncuya külli miqdarda ziyan vurub.

Bundan başqa, özünü rəhbər şəxs kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq yenidən “Avropa Yenidənqurma və İnkişaf Bankı”ndan 5 milyon 600 min avro dəyərindən kredit almağa nail olub. Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz hazırda vəfat etmiş Aydın Rzayevin adına verilmiş etibarnaməni saxtalaşdırıb. Həmin etibarnaməni “Muğan Bank”a verərək 30 min dəyərində vəsaiti nağdlaşdırıblar.

Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulov adına investisiyası adı altında müvafiq qurumdan 260 min avro qrant almağı vəd verib. Həmin vəsaitin 130 min avrosunu özünə götürməklə Kənan Rəsulova ziyan vurub.

İttihamda daha sonra Ziya Hüseynzadənin “Muğan Bank”ın Xəzər rayon şöbəsində 2 milyon dolları nağdlaşdirərək ələ keçirdiyi göstərilib.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 178.3.2(Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə -Eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (Vəzifə saxtakarlığı), 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri üzrə təqsirləndirilir.

Bütün maddələr üzrə təqsiri sübuta yetirilərsə Ziya Hüseynzadə 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Təqsirləndirilən Ziya Hüseynzadə elan olunan ittihamla bağlı özünü təqsirli bilmədiyini deyib.

İş üzrə zərərçəkmiş şəxs kimi tanınan Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Mülki iddiadan məlum olur ki, 130 min dolların, həmçinin ödənilmiş dövlət rüsumunun Ziya Hüseynzadədən tutularaq iş üzrə zərərçəkmiş Kənan Rəsulova ödənilməsi tələb edib.

Təqsirləndirilən şəxsin vəkilləri mülki iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses martın 13-də davam etdiriləcək.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziyanın dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

APA