28 iyun prodüser Minarə Əskərovanın doğum günüdür.
Əskərova Minarə Balaşah qızı 28.06.1979-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisasında təhsil alıb. Bir müddət “Soy Production”da prodüser kimi çalışıb (2003-2004). 2006-cı ildən İctimai televiziyada prodüser vəzifəsində çalışır. İctimai televiziyada iş fəaliyyəti dövründə “23 Nisan Uluslararası Çocuk Festivali”, “Biz belə əylənirik” verilişlərinin müəllif-prodüseri, “Gənclik həyatı”, “Biri varmış, biri yoxmuş” proqramlarının prodüseri olub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Əlil arabasında idman rəqsi” üzrə Beynəlxalq Festivalın təşkilində prodüser kimi çalışaraq mükafata layiq görülüb. Olimpiya hərəkatının genişlənməsi, sağlam və fəal həyat tərzinin təşviqi, həmçinin bədən tərbiyəsi və idmanın geniş ictimaiyyət arasında təbliğində göstərdiyi fəaliyyətinə görə də Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunub. Hazırda ”Addım-addım”, “Film Media”, “Keçmişdən salam var”, “Nübarlı bağ”, “Yadigarlar”, “Din və cəmiyyət”, “Növbədəkilər” verilişlərinin prodüseri kimi fəaliyyət göstərir.
Heç vaxt özünə ad günü keçirmədiyini deyən Minarə xanım 40 illik yubileyini İTV ailəsində dostları ilə birgə keçirtdi. Dostları Əməkdar artist Gülüstan Əliyeva, Lalə Nurkan, Stilist Natiq Cavadov, jurnalistlər- Zeynəb Məmmədova, Nura Andronova, Zümrüd Güləliqızı, Nihad Məlik Ayla, Elm və Gənclər Departamentinin əməkdaşları və İTV ailəsi, ən əsası da həyatda yaşama səbəbləri iki gül balası 40 illik yubileyi münasibətilə Minarə xanımı təbrik edib, xoş diləklərini çatdırdı.
HƏYATIMA XOŞ GƏLDİN 40 YAŞIM
Minarə Əskərova öz təəssürtlarını Asiya.info saytına bu cür çatdırdı: “Bəziləri deyirlər ki, 40 yaş qorxulu yaş sayılır, düşər-düşməzi olar. Amma mən pozitiv insanam, mənim üçün hər bir yaş uğurludur, ona görə dostlarımla birgə qeyd etdim. İnsanlar hansısa yaş gəlirsə onu sevinclə qeyd etsinlər. Alnımıza nə yazılıbsa onu yaşayacağıq. Hər yaşın öz gözəlliyi var.
Həyatımda ilk dəfə idi ki, ad günümü bu cür səbirsizliklə gözləyirdim. Günləri sayırdım ki 28 iyun tez gəlib çatsın. Bilmirəm, bəlkə də ona görə ki 4 il ərzində çox ağır yollar keçdim deyə, hələ də müalicədəyəm, beyin əməliyyatına görə çox əziyyətli günlər yaşadım, bəlkə də ona görə səbirsizliklə gözləyirdim ad günümü, hər gün 40 yaşıma çatmağım üçün dua edirdim. Hətta çox vaxt düşünürdüm ki görəsən 40yaşıma çata biləcəm ya yox…”
Qeyd edək ki, Minarə xanım İyulun 3-də yenidən Türkiyəyə yola düşür müalicələri üçün.
Ən sevdiyi hədiyyə güllərdi. Elə buna görə də, Minarə Xanıma o qədər çiçək hədiyyə gəlmişdi ki otaq gül bağçasını xatırladırdı.”Ən böyük arzunuz nədir”-sualımıza isə “Ayağımdakı problemin tamamilə sağalmasıdır” -dedi. Biz də kollektivimiz adından Minarə xanıma can sağlığı diləyirik. Tezliklə sağlamlığına tamamilə qovuşacağına inanırıq. Həyat bir imtahandır, bu imtahandan qalib çıxmağın isə bircə yolu var, mübariz, qorxmaz olmaq, geri çəkilməmək, xəstəlik qarşısında acizlik göstərməmək.
Biz də Asiya Fakt İnformasiya Agentliyi və Sizi Tanıyaq layihəsi adından “Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətə görə” Minarə xanımı Fəxri Diplomla mükafatlandırdıq. İnanırıq ki, daha çox uğurlarını və yubileylərinizi birlikdə qeyd edəcəyik Minarə xanım.
Vüsalə Qələndərli