Tariximizin Zəfər salnaməsibackend

Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.

Bu barədə “Yeni Gündəm”-ə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin rektoru Elçin Babayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təsis edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanın qətiyyəti, mahir sərkərdəlik bacarığı, ordumuzun gücü, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində Zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.
Rektor BDU kollektivinin Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə, informasiya cəbhəsində fəal iştirak etməsindən bəhs edib, universitetin yüzlərlə məzun və tələbəsinin düşmənə qarşı döyüşə atıldığını, 19 məzunun şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizdən sonra BDU-da həyata keçirilən akademik layihələr, şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının xatirəsinin əziz tutulması, onların qəhrəmanlığının tələbə gənclər arasında təbliği ilə bağlı tədbirlər planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verib.
Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov və baş leytenant Nazim Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandanın siyasəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi sayəsində Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətindən bəhs ediblər.
Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı musiqili, ədəbi-bədii proqramı ilə davam edib.