“Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Coğrafi mövqeyinə görə Qubadlı olduqca əlverişli bir bölgədə yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon Şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon həmçinin təbii faydalı qazıntılarla zəngindir.”
“Yeni Gundem” xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilən bir bölgə olub: “Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub: “1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvanın Qubadlıda qanunsuz məskunlaşma cinayətləri törətməsi ilə bağlı faktlar var. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilib. Bu bir reallıqdır ki, Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün isə erməni lobbisinin vəsaiti hesabına Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınmışdı. II Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsinin olduqca böyük strateji əhəmiyyət kəsb edirdi. Bu müharibənin gedişatında dönüş nöqtəsi idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyərin nəticəsi idi. 15212 hərbi qulluqçunun Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi məhz bu qiymətin göstəricisidir. Eyni zamanda 44 günlük Vətən Müharibəsinin gedişində azad edilmiş şəhərlərin tarixi günlərinin qeyd edilməsi də olduqca qürurverici hadisədir”.
Sevinc Hüseynova vurğulayıb ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi işğal və azadlığı özündə ehtiva edən mühüm reallıqdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Sözsüz ki, bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Bu İşğaldan sonra bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva edir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub”.