“Tədrisin açılması insan təmaslarının artmasına gətirib çıxarır”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bu da yoluxma hallarının artmasına səbəb olur: “Valideynlər uşaqların şikayəti olduğu halda, baş ağrısı, temperatur olduqda onları məktəbə buraxmamalıdır. Hər şey evdən başlayır. “Delta” ştammı yüksək yoluxuculuğu ilə yanaşı, ailədaxili yoluxmalara gətirib çıxarır, yəni ailənin əksər üzvü bu virusa yoluxur”.
T. Eyvazov deyib ki, uşaqlar koronavirusu yüngül keçirir: “Onlarda ağırlaşma hallarına az rast gəlinir. Təəssüflər olsun ki, bəzi uşaqlarda yoluxmadan sonra müəyyən sindrom əmələ gəlir. 18 yaşdan yuxarı şəxslər vaksin olunur. Amma 18 yaşdan aşağı məktəbə gedənlərin yoluxma riski yüksək ola bilər. Onlar evə də bu virusu daşıya bilərlər. Ona görə uşaqların yoluxmaması üçün əlimizdən gələni etməliyik”.