Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinə hücum edən şəxs zərərçəkənlərin yaxınları tərəfindən qisas olunmağa məhkum edilib.
Cahangir deyib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər qisasın alınmasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb./Trend