Pedaqoq: “1-2 kurslarda bütün gücünü təhsilə yönəltsin, 3-4-cü kurslarda işləyib təcrübə qazanması məqsədəuyğundur”
Psixoloq: “Tələbə özünün seçim etdiyi ixtisasda təhsil alırsa, onun bütün fəaliyyəti də seçdiyi ixtisasa istiqamətlənəcək”
Tələbələrin işləməsinə dair fikirlər birmənalı deyil. Bəzi insanlara, eləcə də təhsil işçilərinə görə tələbə tələbəlik illərində yalnız oxumaq, öyrənməklə məşğul olmalı, zamanını kitabxanalarda – kitabların arasında keçirməlidir. Digər bir qismə görə isə “artıq dövr o dövr deyil, hər şey dəyişib, 4 ildə yalnız kitab oxumaqla sonda istənilən nəticəni almaq çətin məsələdir”. Başqa bir reallıq da budur ki, tələbələlik illərində təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalan tələbələr var.
Mövzu ilə bağlı AYNA-nın həmsöhbəti, təhsilin idarə olunması üzrə mütəxəssis, Azərbaycan Britaniya Kollecinin biologiya, Bakı Ali Neft Məktəbinin pedaqogika müəlllimi Qoşqar Məhərrəmov hesab edir ki, tələbəlik illərində tələbənin işləməsi icbari formada yox, könüllü olmalıdır: “Dünyanın müxtəlif ölkələrinə nəzər yetirdiyimiz zaman tələbələrin “part-time” işləməsi üçün imkan yaradıldığını görürük. Amma bu, məcburi xarakter daşımır. Hansısa tələbə öz ehtiyaclarını qarşılamaq, ailəsindən maddi asılılığını minimuma endirmək üçün və ya ailəsi onun xərclərini qarşılamaqda çətinlik çəkərsə, bu zaman könüllü şəkildə işləyə bilir. Tələbəlik illərində tələbənin işləməsi icbari formada yox, könüllü olmalıdır. Ona görə belə bir tələb də qoymaq olmaz ki, tələbə işləsin, bu, düzgün olmaz”.
Pedaqoqun fikrincə, tələbələrin aşağı kurslarda dil və İKT bilik-bacarıqlarını inkişaf etdirmələri, 3-4-cü kursdan isə öz sahələri üzrə işləyib təcrübə əldə etmələri daha məqsəduyğun olar: “Sosial dövlətlərdə tələbələrin də hər bir ehtiyacının qarşılanmasına çalışılır ki, işləmək məcburiyyətində qalmasınlar. Lakin liberal ölkələrə, məsələn, ABŞ-a baxdığımızda görürük ki, tələbələr işləmək məcburiyyətindədir, başqa bir yolları da yoxdur: ya işləyərək, xərclərini qarşılayaraq universitet oxuyacaqlar, ya da universitet oxumayacaqlar. Çünki sərbəst bazar iqtisadiyyatıdır, kim bacara bilirsə, o da həyatda qalır. Təəssüf ki, belə bir dövrdə yaşayırıq”.
“Ümumilikdə isə, “tələbə işləsin, ya işləməsin” demək doğru deyil, istəyən işləyər, istəməyən işləməz, bu, dünyanın hər yerində belədir. Sadəcə tələbə özünü buna məcbur hiss etməməlidir. Mən hesab edirəm ki, 3-4-cü kursda təcrübə toplaması, özünü inkişaf etdirməsi üçün işləməsi məsləhətdir. Bu da sırf öz öz ixtisasına uyğun işlər olsa, könüllülük fəaliyyəti əsasında özünü inkişaf baxımından məsləhətlidir. Belə olduqda o, dördüncü kursun sonunda bazara təcrübəsiz bir işçi formasında daxil olmaqdan sığortalanmış olur. Buna görə də mən tələbələrə 3-4-cü kurslarda işləməyi, təcrübə proqramlarına qoşulmağı, könllülük fəaliyyətini, aşağı kurslarda isə imkanları varsa, işləmək əvəzinə dil biliklərini, İKT bacarıqlarını inkişaf etdirməyi tövsiyə edirəm”, – Məhərrəmov deyib.
Müəllim tələbə adını qazandıqdan sonra bütün meyilini işləməyə salıb, universitet dərslərinə ciddi yanaşmayan tələbələrin vəziyyətinə də toxunub: “Bir qrup tələbə də var ki, onlar universitetə qəbul olub tələbə biletini əldə etdikdən sonra işləməyə başlayırlar. Onlar pul qazandıqca universitetdən soyuyurlar, qiymətləri də aşağı olur. Minimal ballarla universitetdən məzun olurlar. Bu da onların gələcəkdə ali məktəbi bitirdikdən sonra öz ixtisaslarını bilməmələri ilə nəticələnəcək. Nəticədə belə məzunlar ixtisaslarına uyğun olmayan işlərdə işləməli olur, ya da işsizlikdən şikayətlənirlər”.
Müsahibimiz onu da vurğulayıb ki, təhsili zəif olan universitetlərin tələbələrinin birinci kursdan işləməsi, təcrübə toplaması və iş dünyasında özlərini inkişaf etdirmələri daha məqsəduyğundur: “Ölkəmizdə həm çox sayda tələbə var ki, elə birinci kursdan işləsə, yaxşıdır. Çünki universitet təhsili onlara nəsə öyrətmir. Bu da ayrıca bir problemdir. Lakin bu, əlbəttə ki, bütün universitetlərə şamil edilməsə də, təhsil keyfiyyətinin çox aşağı olduğu universitetlər də var”.
AYNA-nın digər həmsöhbəti, psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovun sözlərinə görə, tələbənin hansısa sahədə çalışıb özünü maddi və mənəvi baxımdan təmin etməsi onun gələcəyə psixoloji baxışından asılı olsa da, onun əsas vəzifəsi təhsil almaqdır: “İnsanın əmək fəaliyyətinə başlamasını maddi və mənəvi səbəblər müəyyənləşdirir. Peşəkar olmaq və ya işinə həvəskar olan şəxslərin hər hansısa bir sahədə çalışmaq istəyi təcrübəyə bağlıdır. Tələbəlik dövründən çalışmağa başlayan şəxslər daha çox maddi səbəbləri meyar olaraq götürürlər. Tələbənin hansısa sahədə çalışıb özünü maddi və mənəvi təmin etməsi onun gələcəyə psixoloji baxışından asılıdır”.
“Tələbəlik həyatını müşahidə etsək, yaranmış mənzərəni aydın görmək olar. Sosial statusundan asılı olmayaraq insanın fəaliyyəti təqdirəlayiqdir. Tələbənin öz həyatı üçün əsas vəzifəsi təhsil almaqdır. Onun gələcəkdə peşəkar və dayanıqlı mütəxəssis kimi yetişməsində nəzəri biliklər, daha sonra təcrübənin verdiyi müqayisələr vacib amillərdir. “Bütün tələbə statusu daşıyan şəxslər işləməlidir” deyə bilmərik. Təhsildə elə ixtisaslar var ki, tələbə digər fəaliyyətlərə zaman ayıra bilmir. Ona görə də daha çox öz ixtisasının biliklərinə sahib olmağa çalışır. Bəzi ixtisaslar var ki, tələbə öz sahəsinə uyğun hansısa fəaliyyətlərdə könüllü olaraq iştirak edir. Müxtəlif ictimai və sosial layihələrdə təcrübə toplayır”, – ekspert bildirib.
Psixoloq ixtisasından tamamilə fərqli sahədə işləyən tələbələrdən söz açarkən, onların ixtisas seçimində valideynlərinin istəyini nəzərə aldıqlarını, işləyəndə isə öz maraqları olan sahəyə yönəldiklərini qeyd edib: “Tələbə özünün seçim etdiyi ixtisasda təhsil alırsa, onun bütün fəaliyyətləri də seçdiyi ixtisasa istiqamətlənəcək. Ali məktəbdə təhsil alaraq hansısa sahədə işləmək, yəni ixtisası ilə heç bir əlaqəsi olmayan sahədə çalışmağın nəticəsi o olacaq ki, gələcəkdə ali məktəbi bitirdikdən sonra əldə etdiyi diplom kağız parçasından başqa heç bir funksiyanı yerinə yetirməyəcək”.
“Düşüncəmizi bu istiqamətdə genişləndirsək, görərik ki, tələbə ali məktəbdə oxuduğu dörd il müddətində başqa sahədə çalışır, təcrübə qazanır və maddi olaraq özünü təmin edir, ali məktəbi bitirdikdən sonra da həmin sahədə çalışmağa davam edir. O zaman ortaya sual çıxır: niyə dörd il ali məktəbdə təhsil aldı? Cavabı çox sadədir: dörd il əvvəl valideynlərin seçimi ilə addım atmaq məcburiyyətində qalıb. Tələbə öz gələcəyini təhsil aldığı ixtisasda görürsə, harda çalışmağından asılı olmayaraq onun işi müvəqqəti olacaq. Qeyd etmək istəyirəm ki, ifadə etdiyim fikirlərdə istisna hallar var. Amma istisnalar qaydaları pozmur”, – Nəcəfov vurğulayıb.
Müsahibimiz sonda tələbələrə səhv etməkdən qorxmamağı, bilik və bacarıqlarını artırmağı tövsiyə edib: “Biz cəmiyyətə və tələbələrə mesajımızı çatdırmalıyıq. Tələbənin əsas vəzifəsi bilik və təcrübə qazanmaqdır. Biliyi ona ali məktəb və digər alternativ tədris fəaliyyətləri təqdim edir. Təcrübəni isə etdiyi səhvlərdən qazanacaq. Tələbələrimiz səhv etməkdən qorxmasınlar. Cəsarətlərini bilik və təcrübə qazananda ifadə etməkdən çəkinməsinlər. Həyatın qaydası qaydasızlıq ola bilər. Amma güclü olmağın qaydası odur ki, biliyə və təcrübəyə söykənən cəsarətimiz olmalıdır”.
Müəllif: Aləmdə Nəsib
“Yeni Gündəm”