“Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədov komandanın hücumçusu Rauf Əliyevi məşqlərdən kənarlaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli çalışdırıcı məşq intizamını pozan forvardı sərt cəzalandırıb.
Klubun mətbuat xidmətindən saytımıza verilən açıqlamada Raufun qeyri-müddətə əvəzedici komandaya göndərildiyi bildirilib:
“Futbolçunun “Səbail”lə matçda komandanı pis vəziyyətdə qoyması, həm cərimə olunması, həm də 5 oyunluq cəza alması “Kəpəz” kimi klublara çox təsir edir. Ümumiyyətlə, belə davranış həm klub, həm də komanda adına xoşagələn hal deyil. Tərlan müəllim baş məşqçi təyin olunandan sonra futbolçularla söhbət edərkən deyib ki, bu kimi davranışlar yolverilməzdir. O, hər kəsin özünü yaxşı tərəfdən göstərməli olduğunu bildirib və xəbərdarlıq edib.
Təəssüf ki, bu danışıqdan sonra baş tutan məşq prosesi zamanı Rauf tərəfindən idmançıya yaraşmayan hərəkətə yol verilib. Bu, həm məşqçilər korpusu, həm də komanda yoldaşlarına qarşı hörmətsizlik kimi dəyərləndirilib. Beləliklə o, baş məşqçinin qərarına əsasən əsas komandadan kənarlaşdırılıb. Rauf Əliyev yəqin ki, əvəzedici heyətdə çıxış edəcək”.