“Yeni Gundem” xəbər verir ki, gənc ifaçı Tural Atayev Medianews.az-ın qonağı olub. İfaçı bizimlə söhbətində unudulmaqda olan toy adətlərimizdən danışdı.
-Musiqi seçərkən daha çox nəyə diqqət edirsiniz kütləyə yoxsa musiqi zövqünüzə?
-Musiqi seçərkən baxır onu harada ifa edəcəyimə. Efirdə, dövlət tədbirlərində musiqi seçiminə mütləq diqqət edirəm, çünki belə auditoriyalarda hər mahnını ifa etmək olmaz.
El şənliklərində hansısa özəl dəvət aldığım məclislərdə mən artıq kütlənin istəyinə uyğun ifalar etməliyəm, onlar məni ödəniş edib məclislərinə dəvət edirlər, mən də onların zövqünü oxşamalıyam ki, onlar narazı qalmasınlar.
-Necə hesab edirsiniz ifaçı kütlənin arxasınca getməlidirmi, yoxsa onun öz seçimi olmalıdır?
-Hər bir ifaçının öz dəsti-xətti olmalıdır. Necə deyərlər “izlə gedənin izi qalmaz”. müğənnin, sənətçinin öz yolu olmalıdır ki, artıq o ifa edəndə hər kəs onun kim olduğunu bilsin. Fikrimcə kütlə ifaçının arxasınca getməlidir.
Bütün dünya ulduzları eləcə də Azərbaycan müğənnilərinin hər hansı birinin ifasını eşitdikdə bilirik ki, o həmin insandır. Tutaq ki, Röya min ifaçının içindən seçilir. Çünki onu öz yolu, səsinin ahəngi, rəngi dəsti-xətti var. Hər bir sənətçinin mütləq özünə məxsus ifaları- yolu olmalıdır ki, yaddaşlarda qalsın.
-Niyə hər kəs bayağı mahnıları qınadığı halda bu gün toylarda daha çox bayağı mahnı istənilir və “Youtube” trendlərində daha çox bayağı mahnılara üstünlük verilir?
-Ona görə ki, bəzi telekanallar bizim millətin zövqünü korlayıb. Efir mədəniyyəti çox vacibdir, insanlar televiziyalara baxa-baxa zövqləri korlanır. Diqqət etsəniz görərsiniz ki, dövlət telekanallarında bayağı ifalara yol verilmir, səsləndirilmir çünki, orada o anlayış qalmadadır ki, televiziya cəmiyyətin mədəniyyət inteqrasiyasıdır, böyüməkdə olan körpələri, insanları sözü gedən qurumlar formalaşdırır.
Amma digər TV-lər pulladır! Pulunu ver nə istəyirsən çıx oxu. Bayağı mahnıları efirlərdə dövlət tədbirlərində ifa etmək olmaz.
İnsanlar tərəfindən onların şəxsi məclislərinə dəvət aldıqda məkanda olan kütlənin istəyinə uyğun ifa etmək olar, amma dövlət tədbirlərində, efirdə, radioda olmaz. Ona görə ki, millətin musiqi zövqünü korlayır. İndi sənətkarların ifasına baxış 2-3 min olur, amma bayağı ifaçıların isə milyonlarla baxışları var. Təəssüflə qeyd etmək istəyirəm ki, millətin zövqü bu yöndə korlanıb.
-Hazırda toylarda trend nədir, bayağı mahnılarmı yoxsa klassik ifalarmı?
Təbii ki, toylarda hər zaman bayağı mahnılar olub. Çox nadir hallarda elə toy olar orada bayağı mahnı olmasın. Toyda bayağı mahnı ifa etmək lazımdır ki, toy sahibləri, qonaqlar şənlənsinlər.
Toya gələn qonaqlar, içkili insanlar durub “Gözəlim sənsən, Alagözlüm” oynamayacaqlar ki. Toyda “toy” mahnısı ifa etmək lazımdır. Düzdür bizim yaxşı toy mahnılarımızda var, amma onlar azlıq təşkil edir. Toyları problem etmək lazım deyil, insanların övladlarının toyudur ürəkləri istədiyi kimi şənlənmək haqqıdır, məclisini elə görmək istəyir elə də təşkil edir.
Dərd budur ki, indi toylardan çox efirlərdə, radio televiziyalarda dövlət əhəmiyyətli tədbirlərdə baş alıb gedir belə ifalar.
-İllər ötdükcə bizim toy adət-ənənələrimiz itməyə başlayır. Əvvəllər vağzalı ilə gəlinlər gələrdi, muğamlarımız səslənərdi, amma indi isə hər şey tamam başqadır. Bir DJ-lə toyu idarə etmək mümkündür. Bu o deməkdir ki, bizim milli dəyərlərimiz unudulmağa doğru gedir. Sizcə vəziyyət çoxmu acınacaqlıdır?
-Bəli toylarımızda milli dəyərlər çox vacibdir. Biz dədə-babalardan görmüşük ki, bəy-gəlin vağzalı sədaları altında məclisə gətirilib və yola salınar.
İndi DJ-lər, band qrupları toyları çox dəyişib. Toylarımızda milli ab-hava çox azalıb. Amma mən idarə etdiyim toylarda çalışıram o milli dəyərləri qoruyum, çünki biz azərbaycanlıyıq elimizin, obamızın adət-ənənələri var.
Bunu da qeyd etmək istəyirəm ki, millilikdən uzaqlaşmanın bir səbəbi də gənclərin özüdür, onlar toylarını belə görmək istəyir valideynlərdə onların istəklərinə qaşı çıxmır. Deyirlər “evlilik ömürdə bir dəfə olan şeydir” və nəticə etibar ilə gəlib yenə bayağılığa çıxırıq.
Belə hallarda daha çox gənclərin maariflənməsi, milli ruhda böyüməsi gərəkdir ki, onlarda öz toyların ənənələrimizlə bağlı etsinlər.
Biz hara getsək də öz milliliyimizə, kökümüzə soyumuza qayıtmalıyıq. Toylarımız vağzalı ilə ağsaqqal, ağbirçək xeyir-duaları ilə başlamalı, böyük- kiçik olmalıdır, inanın səmimiyyəti sevgi xoşbəxtlik elə bundadır.
Biz Azərbaycanlı olaraq belə böyümüşük və əlimizdən gələni də etməliyik ki, bu ənənəni qoruyaq.