ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) hakimiyyətini torpaqların müsadirə edilməsində və insan hüquqlarının kobud şəkildə pozulmasında günahlandıraraq ölkəyə bütün maliyyə yardımının dayandırıldığını bəyan edib.
D.Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
O, CAR-da vəziyyətin pisləşdiyini, lakin “radikal solçu KİV”in məsələyə məhəl qoymadığını vurğulayıb.
D.Tramp ölkə hakimiyyətini torpaqları müsadirə etməkdə ittiham edib və bildirib ki, əhalinin müəyyən qruplarına qarşı ciddi insan hüquqları pozuntuları törədilir. Onun sözlərinə görə, ABŞ buna dözməyəcək və müvafiq tədbirlər görəcək.
Ağ Evin rəhbəri tam araşdırma tamamlanana qədər CAR-a bütün gələcək maliyyə tranşlarının dayandırıldığını söyləyib.
Xatırladaq ki, müstəmləkə dövründən bəri CAR-ın şumluq torpaqlarının təqribən 75%-i ölkə əhalisinin yalnız 9%-ni təşkil edən ağdərili azlığa məxsusdur. Aparteid başa çatdıqdan sonra torpaqların yenidən bölüşdürülməsi problemi həll olunmayıb. CAR hakimiyyəti qaradərili əhaliyə təhvil vermək üçün ağdərili fermerlərdən torpaqları təzminatsız müsadirə etmək planı hazırlayırdı.
Yanvar ayında CAR Siril Ramaposa dövlətə müəyyən torpaq sahələrini müsadirə etməyə icazə verən qanunu imzalayıb.
Oxu.az