Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Bu məqsədlə, hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına öz təsirini göstərəcəkdir.
Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etmişdi. Lakin, ötən ilin sentyabr ayından etibarən Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra, Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, “Böyük Qayıdış Proqramı”nın icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar. hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 30 min insan məskunlaşıb. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.
Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının Azərbaycanın azad olunmuş ərazilərində qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzinin tikilməsi, eləcə də gələcəkdə məktəblərin inşasının planlaşdırılması qardaş Türk dövlətlərinin Azərbaycana olan dərin hörmət və yüksək etimadının nəticəsidir.
Göründüyü kimi, regionda qardaş ölkələr olaraq tarix boyu bir-birinə dəstək olan, havadar çıxan, dili, inancları, tarixi, mədəni kökləri bir olan bu ölkələrin müasir dövrdə də müxtəlif sahələrdə öz bağlarını möhkəmləndirməsi və qarşılıqlı əməkdaşlığa təşkilata üzv ölkələrin hər biri tərəfindən xüsusi diqqət ayrılması sürətlə qütbləşən dünyada yeni bir siyasi güc mərkəzinin yaranması deməkdir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı