“Türkiyə-Azərbaycan münasibətini sarsıtmaq istəyən milli satqınlar var” – Deputatbackend

Parlamentin son iclasında deputat Qüdrət Həsənquliyev TBMM-in üzvü Ömər Faruk Gergerlioğlunun Azərbaycanda olan türk vətəndaşlarının Azərbaycan polisi tərəfindən guya haqsız olaraq incidildiyi haqqında səsləndirdiyi fikirləri sərt tənqid edib. O, Türkiyədən olan millət vəkilinin bu məsuliyyətsiz çıxışına görə TBMM rəhbərliyinin münasibət bildirməsinin vacibliyini bildirib.

Mövzu ilə bağlı TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üzvü, deputat Məlahət İbrahimqızı “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, həmkarı Qüdrət Həsənquliyevin bu məsələni parlamentdə o şəkildə təqdim etməsi elə də ürəkaçan olmadı.

Onun sözlərinə görə, TBMM-də təmsil olunan millət vəkili Ömər Faruk Gergerlioğlu Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvüdür. Bu partiya PKK-a dəstək verən, Türkiyədən daima beynəlxalq təşkilatlara şikayət edən, Türkiyənin düşmənləri ilə işbirliyində olan bir partiyadır:

“Bu Partiya Azərbaycanın torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük Vətən savaşında, eləcə də qazandığımız möhtəşəm zəfərdə bəzi CHP millət vəkilləri ilə erməni işğalçılarını dəstəkləyən mövqe sərgilədilər. Millət vəkili Ömər Faruk Gergerlioğlu Azərbaycanın suverenliyinin bərpası istiqamətində, xüsusilə də Laçın dəhlizi ətrafında aparılan danışıqlarda açıq şəkildə erməni mövqeyini bəyan edirdi. Hətta bir qrup DEP üzvləri bu əməliyyatların durdurulması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. Yəni bu millət vəkili öz mövqeyi ilə tam erməni işğalını dəstəkləyir”.

M. İbrahimqızı hesab edir ki, Türkiyənin bölünməsini istəyən, hətta Türkiyə və Azərbaycanın düşmənləri ilə əməkdaşlıq edən DEM millət vəkilindən bundan artıq nəsə gözləmək olmaz. Terroru və terrorçunu dəstəkləyən bir siyasətçi sözsüz ki, ölkəmizdə qanunçuluğu, sabitliyi, əmin-amanlığı və təhlükəsizliyi qoruyan fədakar Azərbaycan polisi haqqında xoş sözlər səsləndirməz.

“Millət vəkili Ömər Fartukun saytına nəzər salmaqla, onun Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyini əks etdirən fəaliyyətini görmək olar. Azərbaycanda olduğu kimi, Türkiyədə də antimilli qüvvələr, milli satqınlar hələ də düşmən dəyirmanına su tökürlər. Bu qüvvələr nə qədər çirkli siyasət aparsalar belə, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və strateji müttəfiqliyinin əbədi və sarsılmaz olduğundan əmindirlər. Çox təəssüf ki, bu gün hər iki qardaş və strateji müttəfiq ölkədə milli satqınlar birlik və bərabərliyimizi sarsıtmaq üçün müxtəlif layihələr həyata keçirməyə çalışırlar. Bu cür qüvvələr üçün milli mənafe məfhumu yoxdur. Bu qüvvələr ancaq xaricdəki patronlarına, ağalarına hesabat verirlər. Möhtərəm Prezidentimiz də dəfələrlə çıxışlarında bu mənada hər kəsin ayıq-sayıq olmasını bildirir” – deyə deputat əlavə edib.

Siyasətçi Qüdrət Həsənquliyevin parlamentin bugünkü iclasında çıxışına toxunan Məlahət İbrahimqızına görə, həmkarı Ömər Farukun çıxışına yuxarıda qeyd etdiyi kontekstdə münasibət bildirməli idi. Çünki Azərbaycan cəmiyyətində hər gün bölücülüyü, terrora dəstək fəaliyyətlərini gizlətmək üçün adını dəyişdirən, amma mahiyyətini dəyişməyən DEM və onun kimi partiyalar və siyasətçilər haqqında yetərli məlumat yoxdur:

“Bu cür səthi və diqqətsiz çıxış və mühasibələr bəzən düşmənlərin məqsədinə xidmət etmiş olur və nəticədə qan qaraldır. Yəni bir siyasətçi kimi dünyada getdikcə artan beynəlxalq təhlükələr, Azərbaycana və Türkiyəyə qarşı artan təhdidlər, xüsusilə birliyimizi gözü götürməyən qüvvələrə qarşı atdığımız hər bir addımda, səsləndirdiyimiz hər fikirdə tam ehtiyatlı və məsuliyyətli olmalıyıq”.

LİNK:https://www.omerfarukgergerlioglu.com/basin/turkiyeli-yazar-siyasetci-ve-hak-savunucularindan-karabag-cagrisi/31815/