Türkiyə Cümhuriyyəti dəyanət işləri rəhbərinin müavini Səlim Argun və Türkiyənin Azərbaycandakı Səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonağa ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində təsis olunduğunu qeyd edib. Bildirib ki, İnstitut Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin bazasında yaradılıb.
M.Camalov İnstitutda təhsilin hər üç pilləsi üzrə tədris həyata keçirildiyini, bakalavr pilləsində “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə qəbul aparıldığını diqqətə çatdırıb.
O, daha sonra qonağa bildirib ki, Aİİ-də təhsil tamamilə ödənişsizdir. Prorektor ali təhsil müəssisəsində həyata keçirilən qəbul prosesi, İnstitutun tələbə kontingenti, həmçinin beynəlxalq əlaqələri haqqında da məlumat verib.
M.Camalov daha sonra bildirib ki, tədris prosesində müasir metodlardan istifadə olunmaqla, Azərbaycanda mövcud multikultural və tolerant mühit nəzərə alınaraq həyata keçirilir.
Türkiyə Cümhuriyyəti dəyanət işləri rəhbərinin müavini Səlim Argun Aİİ-yə fəaliyyətində, qarşısında duran məqsədlərinə çatmaqda uğurlar arzulayıb. Qardaş ölkə Azərbaycanda mövcud olan belə bir ali dini təhsil müəssisəsinin olduğundan məmnunluğunu ifadə edib. Təmsil etdiyi qurumla, eləcə də Türkiyə universitetləri ilə ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələrinin qurulmasında əlindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Sonda qonaqlar Aİİ-nin kitabxanasında İnstitutun nəşrləri, Kitabxana fondu ilə tanış olublar.